Menyu

Meyvə və tərəvəzlərdə pestisid təhlükəsi: Nələrə diqqət etməli?

Ayşən Sadıxzadə
Meyvə və tərəvəzlərdə pestisid təhlükəsi: Nələrə diqqət etməli?
Bitkiçilikdə, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi zamanı məhsulu zərərvericilərdən və xəstəliklərdən qorumaq, həmçinin məhsuldarlığı artırmaq məqsədilə gübrə və pestisidlərdən (kimyəvi dərmanlardan) geniş istifadə olunur. Lakin bu vasitələrin düzgün tətbiq edilməməsi həm fermerlərin, həm də istehlakçıların sağlamlığı üçün ciddi risklər yaradır.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Operativ Media-ya bildirib ki, ilk növbədə pestisidlərlə işləyən fermerlər və kənd təsərrüfatı işçiləri yüksək risk qrupuna daxildir:

"Bu maddələrlə işləyərkən fərdi qoruyucu vasitələrdən istifadə edilməli, preparatlar yalnız təlimata uyğun dozada tətbiq olunmalıdır. Əks halda zəhərlənmə, tənəffüs yollarının zədələnməsi, dəri və göz qıcıqlanmaları yarana bilər.

Pestisidlərin normadan artıq tətbiqi isə məhsulların üzərində qalıq miqdarının artmasına səbəb olur. Xüsusilə məhsul yığılmazdan əvvəl gözləmə müddətinə əməl olunmayanda bu kimyəvi qalıqlar meyvələrin üzərində qalır. Belə məhsulları davamlı yemək zamanla orqanizmi zəhərləyir və toksik maddələr bədəndə toplanır. Bunun ilkin əlamətləri baş ağrısı, ürəkbulanma, allergik reaksiyalar kimi özünü göstərir.

Uzun müddət yüksək pestisid qalığı olan meyvə və tərəvəzlərin qəbulu daha ciddi fəsadlara gətirib çıxara bilər. Elmi araşdırmalar göstərir ki, bədəndə pestisidlərin çoxalması müəyyən xərçəng növlərinin yaranma riskini artırır, sinir və hormonal sistemə, böyrəklərə, qaraciyərə və reproduktiv sağlamlığa ziyan vurur. Uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar bu təsirlərə karşı daha həssasdırlar. Hamiləlik dövründə yüksək miqdarda pestisid təsiri dölün inkişafına mənfi təsir göstərə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da xəbərdarlıqlar yer alır.

Eyni zamanda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı son onilliklərdə dünyada pestisid istifadəsinin artdığını bildirir. Bu isə təkcə qida təhlükəsizliyi baxımından deyil, həm də torpaq, su ehtiyatları və ətraf mühit üçün əlavə risklər yaradır. Digər vacib məqam isə məhsulların mövsümündən kənar yetişdirilməsi zamanı istifadə edilən kimyəvi maddələrdir ki, bunların da normadan artıq işlədilməsi əlavə təhlükələr doğurur.

Bu səbəbdən fermerlərin davamlı maarifləndirilməsi və laborator nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə kiçik təsərrüfatlarda və qeyri-rəsmi satış məntəqələrində nəzarətin zəif olması səbəbindən standartlara cavab verməyən məhsulların bazara çıxma riski daha yüksək olur".

Dietoloq Ceyhunə Yusifova isə bildirib ki, meyvə və tərəvəzləri axar su altında yaxşıca yumaq, imkan varsa 10-15 dəqiqə suda saxlamaq lazımdır. Qalın qabıqlı meyvələrin qabığı soyulmalı, alış-veriş zamanı isə mövsümi məhsullara üstünlük verilməlidir.

O, vurğulayıb ki, meyvə-tərəvəzi sabun, qabyuyan maye və ya digər kimyəvi vasitələrlə yumaq olmaz. Həmçinin, görünüşcə həddindən artıq parlaq, qeyri-adi böyük və süni görünən məhsullardan uzaq durmaq, alış-verişi etibarlı yerlərdən etmək lazımdır. Meyvələri qorxudan rasiondan çıxarmaq düzgün deyil, sadəcə onları yaxşı seçib düzgün yumaq kifayətdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, son illərdə meyvə və tərəvəzlərdə nitratın (gübrə qalığının) miqdarı azalıb. Buna səbəb nitratlı gübrələrdən az istifadə olunması və nəzarətin güclənməsidir. Lakin bəzi hallarda, xüsusilə əvvəllər yonca əkilmiş torpaqlarda yetişən qarpız və yemişlərdə nitrat yenə də yüksək ola bilər.

Pestisidlərə gəlincə, Eyyub Hüseynov bildirib ki, qida təhlükəsizliyinə cavabdeh dövlət qurumları bazara ciddi nəzarət edir və hazırda məhsullarda pestisidlər əksər hallarda normanı aşmır. Amma bu nəzarət təkcə yayda deyil, ilboyu davam etməlidir. Həmçinin pestisidlər bahalı preparatlar olduğu üçün fermerlər onlardan qənaətlə istifadə etməyə çalışırlar. Yenə də bu, məhsullarda heç bir kimyəvi qalığın olmadığı mənasına gəlmir və bunu tam dəqiq bilmək üçün xüsusi laboratoriya analizləri lazımdır.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər