"Reuters": Tramp İnfantinodan ABŞ hücumçusunun cəzasını ləğv etməsini istəyib
ABŞ lideri Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni Infantinodan şəxsən xahiş edib ki, ABŞ millisinin hücumçusu Folarin Boloqunun dünya çempionatının 1/8 final mərhələsindəki oyun üçün nəzərdə tutulan diskvalifikasiyası ləğv olunsun.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, Tramp ötən həftə bu xahişlə Infantinoya zəng edib.
Bundan əvvəl "The Athletic" portalı FIFA-nın İntizam Komitəsinin Boloqunun cəzasını təxirə saldığını və onun belçikalılara qarşı keçiriləcək növbəti oyunda iştirakına icazə verdiyini xəbər vermişdi. Bu qərardan sonra Tramp FIFA-ya minnətdarlığını bildirib. O, "Truth Social" şəbəkəsindəki hesabında federasiyanın "doğru addım ataraq böyük bir haqsızlığı düzəltdiyini" yazıb.
Qeyd edək ki, Boloqun Bosniya və Herseqovina komandasına qarşı keçirilən 1/16 final oyununda (2:0) müdafiəçi Tarik Muxaremoviçə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Amerikalı hücumçu rəqibin ayağına arxadan butsla zərbə endirib. Qaydalara əsasən, futbolçu 1/8 final qarşılaşmasını buraxmalı idi. ABŞ və Belçika milliləri arasındakı oyun iyulun 7-nə keçən gecə baş tutacaq.