Aksizli məhsulların dövriyyəsinə nəzarət gücləndirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi və vergi intizamının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Operativ Media-ya DVX-dən məlumat verilib.
Bildirilib ki, iyunun 24-də DVX-də pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan bazarda şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görüldüyü xüsusi qeyd olunmaqla yanaşı, vergi nəzarətinin daha da genişləndiriləcəyi bildirilib.
Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.
Görüşdə istehsalçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.