Deputat: “İşğaldan azad edilmiş ərazilərin turizm dövriyyəsinə cəlb olunması iqtisadi aktivliyi artıracaq”
Turizmin inkişafı, xüsusilə regionlarda turizm fəaliyyətinin təşviq olunması sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, həm gəlmə, həm də daxili turizm məşğulluğun artırılmasına birbaşa təsir göstərən əsas sahələrdən biridir. Turizm sektoru müxtəlif xidmət istiqamətlərini əhatə etdiyindən onun inkişafı yeni iş yerlərinin yaradılmasını stimullaşdırır, sahibkarlıq fəaliyyətinin genişlənməsinə şərait yaradır və xidmət sektorunda tələbatın artmasına səbəb olur.
Bu barədə Operativ Media-ya deputat Vüqar Bayramov danışıb.
O bildirib ki, bu baxımdan, yay mövsümündə daxili turizmin aktivləşməsinin regionlarda məşğulluğun dəstəklənməsinə və əmək bazarının canlanmasına mühüm töhfə verəcəyi gözlənilir. Eyni zamanda, bu potensialdan səmərəli istifadə olunması üçün turizm sektorunun inkişafına yönəlmiş təşviq və dəstək mexanizmlərinin daha da gücləndirilməsi vacibdir:
“Turizm sahəsinin inkişafı regionlarda məşğulluq imkanlarının genişlənməsinə, xüsusilə ixtisaslı kadrların işlə təmin olunmasına əlverişli şərait yaradır. Bununla yanaşı, sektorun inkişafı xidmət sahəsində çalışan əhalinin gəlir imkanlarının artmasına və yerli iqtisadi fəallığın yüksəlməsinə müsbət təsir göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm dövriyyəsinə cəlb olunması həmin bölgələrdə iqtisadi aktivliyin və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, mövcud tendensiyalar göstərir ki, yay mövsümündə turizm sektorunun inkişafı regionlarda məşğulluğun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və ümumilikdə yerli iqtisadiyyatın dayanıqlı inkişafına əhəmiyyətli töhfə verəcək”.