Mançester Universitetinə qəbul olan Şəmkir məktəblisi - “Yerli sənayenin inkişafına töhfə vermək istəyirəm”
Şəmkir şəhər Kimya və biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Hüseyn Quliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan və qlobal universitetlər reytinqində ilk 35-likdə yer alan Mançester Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olub.
Operativ Media Azərbaycan Müəlliminə istinadən xəbər verir ki, Hüseyn Quliyev Respublika Fənn Olimpiadasının bürünc medalçısıdır. Bundan əlavə, SAF 2023-də (Elm və Mühəndislik Sərgisi) gümüş medal qazanıb və VEX Robototexnika Respublika turnirində “Enerji mükafatı”na layiq görülüb.
Hüseyn seçdiyi universitet barədə də fikirlərini bölüşüb: “Mançester Universitetini seçməyimin əsas səbəbi kompüter elmləri sahəsində güclü akademik bazaya malik olmasıdır. Bundan əlavə, universitetin çox keyfiyyətli tədris proqramları, geniş ixtisas seçimləri və tələbələr üçün güclü akademik və praktiki imkanlar təqdim etməsidir”.
Gəncin əsas məqsədlərindən biri Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etmək, təhsilini tamamladıqdan sonra ölkənin aparıcı şirkətlərində çalışaraq yerli sənayenin inkişafına töhfə verməkdir:
"Gələcəkdə özümü texnologiya sahəsində, xüsusilə böyük layihələr və innovativ həllər üzərində çalışan bir mütəxəssis kimi görürəm. 8-ci sinifdən informatika ilə məşğul oluram və bu sahə artıq mənim əsas maraq və inkişaf istiqamətimə çevrilib. Xüsusilə alqoritmlər, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrinə böyük marağım var".
Qeyd edək ki, Mançester Universiteti dünya üzrə elmi tədqiqatları, innovativ yanaşmaları və güclü akademik mühiti ilə tanınır. Bu universitetdə təhsil almaq tələbələr üçün geniş imkanlar və beynəlxalq perspektivlər açır.