Deputat: Azərbaycan hərbi bloklara qoşulmadan regional təsirini artırır
"Azərbaycan Hərbi bloklara qoşulmadan, öz ərazisində xarici hərbi bazalar yaratmadan, milli maraqlara əsaslanaraq çoxşaxəli, balansaşdırılmış siyasət aparır, müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qurur".
Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, bu dəyişən geosiyasi çağırışlara uyğun diplomatik manevr qabiliyyəti nümayiş etdirməyə imkan verir:
"Bu model klassik orta güclərdən fərqli olaraq daha az resursla, amma daha çox strateji tərəfdaşlıqlar üzərindən təsir yaratmağa əsaslanır. Türkiyə və Pakistanla iki və üçtərəfli əməkdaşlıq formatları, C6 Mərkəzi Asiya dövlətləri Məşvərət Platformasında təmsilçilik Azərbaycana imkan verir ki, həm regionda təsirli aktor olsun, həm də daha geniş geosiyasi məkanlarda öz mövqeyini möhkəmləndirsin. Elə cari ilin 1-ci rübündə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun praktik nəticəsidir.
Müvafiq olaraq vitse-prezident Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri və burada verilən birgə mesajlar uzunmüddətli əməkdaşlıq perspektivlərindən xəbər verir. Xüsusilə, Brüsselin infrastruktuur və nəqliyyat-loqistika təşəbbüsünə - “Qlobal Qapı” strategiyasına ölkəmizi daxil etməsi bunu təsdiqləyir".
