Menyu

Xaricdə təhsil almaq istəyənlərin diqqətinə!

Ayşən Sadıxzadə
Xaricdə təhsil almaq istəyənlərin diqqətinə!

Xaricdə təhsil üzrə dövlət proqramına müraciət prosesində namizədlərin qarşılaşdığı əsas çətinliklərdən biri sənədlərin düzgün və tam şəkildə hazırlanması ilə bağlıdır. Əvvəlki illərdə olduğu kimi, hazırda da müraciət prosesi elektron portal üzərindən həyata keçirilir və bu, texniki baxımdan müəyyən diqqət və dəqiqlik tələb edir.

Operativ Media xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib. 

O bildirib ki, namizədlər yalnız Elm və Təhsil Nazirliyi və dövlət proqramının idarəetmə qrupu tərəfindən təsdiqlənmiş siyahıya daxil olan ali təhsil müəssisələrindən qəbul almalıdırlar:

"Bu siyahı 33 ölkəni, 230-dan çox universiteti və 4000-dən artıq təhsil proqramını əhatə edir. Namizədlər bir neçə proqram üzrə qəbul alsalar belə, dövlət proqramına yalnız bir ixtisas üzrə müraciət edə bilirlər. Bu baxımdan, rəsmi qəbul sənədinin əldə olunması müraciət prosesinin əsas şərtlərindən biridir.

Qəbul sənədi müvafiq qaydada təsdiqlənmiş olmalıdır. Müxtəlif ölkə və universitetlərdə bu sənədlər möhürlü və ya QR kodlu formada təqdim edilə bilər və onların autentikliyi xüsusi əhəmiyyət daşıyır. Namizədlər sənədləri portala yükləyərkən müəyyən edilmiş texniki tələblərə, o cümlədən fayl formatına (məsələn, PDF), sənədlərin keyfiyyətinə və tamlığına diqqət yetirməlidirlər.

Ən çox rast gəlinən səhvlər sırasında sənədlərin natamam təqdim olunması, şəxsiyyət vəsiqəsinin hər iki üzünün əlavə edilməməsi, imza və təsdiq elementlərinin olmaması kimi hallar xüsusi yer tutur. Bu kimi çatışmazlıqlar aşkar edildikdə müraciətlər geri qaytarılır və namizədlərdən düzəliş etmələri tələb olunur.

Bundan əlavə, sənədlərdə yanlış məlumatların təqdim edilməsi və ya hər hansı saxtakarlıq halları ciddi hüquqi nəticələrə səbəb olur. Belə hallar aşkar edildiyi təqdirdə namizədlər dərhal dövlət proqramında iştirak hüququndan məhrum edilirlər. Bu səbəbdən müraciət zamanı dürüstlük və şəffaflıq əsas prinsip kimi qəbul edilməlidir.

Eyni zamanda, dil bilikləri səviyyəsi və bəzi hallarda magistratura pilləsi üçün tələb olunan beynəlxalq imtahan nəticələri də (məsələn, müvafiq standart testlər) proqramın əsas meyarları sırasındadır. Namizədlər bu tələblərlə əvvəlcədən tanış olmalı və uyğunluqlarını təmin etməlidirlər".

Əlaqəli Xəbərlər