Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlər keçirilib
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və tarixi ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında, bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edirlər. Qeyd olunub ki, mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən qadınlarımız ordu quruculuğu prosesində də fəallıq göstərirlər.
Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər bölmələrdə xidmət edən qadın hərbi qulluqçuların, dövlət qulluqçularının və mülki işçilərin əməyinin daim yüksək qiymətləndirildiyi qeyd edilib. Onlara gələcək xidmətlərində və şəxsi həyatlarında uğurlar arzulanıb, xidmətdə fərqlənən bir qrup xanımlar müxtəlif təltiflərlə mükafatlandırılıblar.
Sonda tədbirlərdə iştirak edən qadınlara bayram hədiyyələri və gül dəstələri təqdim olunub.