MTK-larda mənzillərin təmir keyfiyyəti niyə aşağı olur?
Azərbaycanda daşınmaz əmlak qiymətlərinin ildən-ilə artması nağd qiymətə mənzil alanların da sayına ciddi təsir edib.
Elə buna görə də bir çox MTK-lar tikdiyi binalardakı mənzilləri təmir edərək vətəndaşa uzunmüddətli kreditlə satırlar. İlkin ödəniş az, aylıq ödəniş isə kirayə qiymətlərinə yaxın olduğundan vətəndaşlar bu üsulla ev almağa daha çox üstünlük verirlər. Lakin, həm yekun məbləğ çox olur, həm də mənzillə bağlı sonradan bir sıra problemlər üzə çıxır.
Tikinti eksperti Muxtar Ərturan “Operativ Media”ya açıqlamasında bildirib ki, xüsusilə mənzillərin təmiri ilə bağlı xeyli şikayətlər daxil olur. Əksər hallarda mənzillərdə sonradan ciddi problemlər üzə çıxır:
“Xüsusən son illərdə tikilən və alıcılara ipoteka yolu ilə təmirli mənzil adı altında satılan evlərin elektrik cihazlarından başlayaraq, az qala tavanına qədər hər bir detalında nöqsanlar özünü göstərir. Hazır təmirli ipoteka ilə satılan mənzillər özlərinin arxasında bir sıra problemlər yaradır. Yəni əksəriyyət mənzillərin təmiri yararsız vəziyyətdə olur. İlkin baxışdan insanlar təmirli mənzil kimi bunu qəbul edirlər. Amma yaşadıqda artıq başa düşürlər k, bunun elektrik sistemində, santexniika sistemində ümumi divarların düzlüyündə, seramikin vurulmasında, ümumilikdə təmirlər heç bir standarta cavab vermir”.
Muxtar Ərturanın sözlərinə görə , təmirli mənzil adı altında ev alan şəxslər, sonradan orada yaşamaq üçün əlavə olaraq 15-25 min manat arasında vəsait xərcləməli olurlar. Əksər hallarda isə mülkiyyətçinin pozulan hüquqları bərpa edilmir.
“Mülkiyyətçilər bəzi hallarda məhkəməyə müraciət edə bilirlər, bəzi hallarda isə edə bilmirlər. Səbəb də ondan ibarətdir ki, bir çox adam ipoteka ilə alır deyə müəyyən bir məbləğ ödəməli olurlar. Həmin ödənən müəyyən məbləğ onların MTK ilə şikayətləri ortaya çıxanda tərəflər arasında müəyyən problem yaradır. Hətta bir sıra məqamlarda MTK-lar mənzilinizi əlinizdən alarıq deyə və ya mənzili olduğu kimi sizin özünüzə qaytararıq deyə problemlər yaradırlar. Gələcəkdə aidiyyatı qurumlar tərəfindən çoxmərtəbəli binaların daxili hissələrinə də nəzarət mexanizminin olması mütləqdir. Hazırki vəziyyətdə isə vətəndaşların yeganə çıxış yolu təmirsiz mənzillər alaraq sonradan öz zövqlərinə uyğun, keyfiyyətli tikinti materialları ilə təmir etdirmələridir”.