Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
Rumıniya hökuməti hava məkanının pozulması ilə bağlı Rusiyanın bir diplomatını ölkədən çıxarmaq qərarı verib.
Operativ Media xəbər verir ki, Rumıniya XİN iyulun 24–26-da ölkənin hava məkanına daxil olduğu bildirilən üç pilotsuz uçuş aparatının Rumıniya ordusu tərəfindən vurulduğunu açıqlayıb.
Buxarest bu pilotsuz aparatların Rusiyaya məxsus olduğunu hesab edir.
Bununla əlaqədar Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona etiraz notası təqdim olunub və rusiyalı diplomatlardan birinin beş gün ərzində ölkəni tərk etməsi tələb edilib.
Rusiya səfiri isə TASS-a açıqlamasında Rumıniyanın ittihamlarını rədd edib.
Lipayev baş verənləri "təxribat xarakterli səhnələşdirmə" adlandıraraq, Rumıniyanın pilotsuz aparatların mənşəyini təsdiqləyən texniki sübut təqdim etmədiyini bildirib.