Menyu

5 il sonra Çin avtomobillərinin ikinci əl bazarı necə olacaq?

Ayşən Sadıxzadə
5 il sonra Çin avtomobillərinin ikinci əl bazarı necə olacaq?

Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq sürətlə artır. Münasib qiymət, zəngin texniki təchizat və hibrid modellərin çoxalması bu avtomobillərin satışını artırsa da, alıcıları düşündürən əsas məsələlərdən biri onların ikinci əl bazarında dəyərini necə qorumasıdır. Bəs Çin avtomobilləri illər keçdikcə nə qədər qiymət itirir və bu prosesə hansı amillər təsir göstərir?

Bu barədə Operativ Media-ya Nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev bildirib ki, son illərdə Çin avtomobil sənayesi dünya bazarında ən sürətlə inkişaf edən sektorlardan birinə çevrilib:

Bir vaxtlar yalnız aşağı qiymət və sadə texnologiya ilə tanınan Çin markaları bu gün artıq qlobal avtomobil bazarında əhəmiyyətli mövqe tutmağa başlayıb və bir çox ölkədə bazar payını sürətlə artırırlar. Lakin bu inkişafla yanaşı, alıcıları düşündürən əsas suallardan biri də ikinci əl bazarının gələcəyidir.

Hazırda Çin avtomobilləri ikinci əl bazarında ənənəvi markaları ilə müqayisədə daha sürətli dəyər itirir. Bunun əsas səbəbləri istehsalçılar arasında davam edən qiymət müharibəsi, hər il bazara çoxlu yeni modellərin çıxarılması və alıcıların uzunmüddətli etibarlılıq barədə hələ də tam əmin olmamasıdır. 

Xüsusilə elektrik avtomobillərində batareya texnologiyasının sürətlə yenilənməsi əvvəlki nəsil modellərin qısa müddətdə köhnəlməsinə səbəb olur.

Çin avtomobillərinin keyfiyyətinin yüksəlməsi də ikinci əl bazarı üçün hər zaman müsbət nəticə verməyə bilər. İstehsalçılar mühərrik, elektronika, təhlükəsizlik sistemləri və proqram təminatını çox sürətlə yenilədikləri üçün cəmi 2–3 il əvvəl istehsal olunmuş avtomobil belə yeni model qarşısında texnoloji baxımdan geri qalır. Alıcı isə az qiymət fərqi ilə daha müasir avtomobil almağa üstünlük verir ki, bu da ikinci əl modellərin dəyərinin daha tez aşağı düşməsinə səbəb olur.

Digər mühüm amil qiymət siyasətidir. Çin istehsalçıları bazar payını artırmaq üçün mütəmadi olaraq yeni avtomobillərin qiymətlərini endirirlər. Yeni avtomobil ucuzlaşdıqca, həmin modelin ikinci əl bazardakı qiyməti də aşağı düşür və nəticədə avtomobil sahibləri daha çox amortizasiya ilə üzləşirlər.

Model müxtəlifliyinin çox olması da ikinci əl bazarı üçün risk yaradır. Bir çox Çin markası qısa müddətdə yeni platformalar təqdim edir və əvvəlki modelləri istehsaldan çıxarır. Bu isə ehtiyat hissələrinin təminatı, proqram dəstəyi və gələcək satış imkanlarına təsir göstərərək avtomobilin bazar dəyərini azalda bilər.

Elektrik avtomobillərində bu risklər daha qabarıq hiss olunur. Batareyanın köhnəlməsi, yeni nəsil batareyaların daha yüksək yürüş məsafəsi təqdim etməsi və mümkün dəyişdirmə xərcləri ikinci əl alıcılarının qərarına birbaşa təsir edir. Bundan əlavə, müasir Çin avtomobillərinin elektron sistemlərlə zəngin olması zəmanət müddəti bitdikdən sonra təmir xərclərini artıra bilər ki, bu da ikinci əl bazarında qiymətlərə mənfi təsir göstərən amillərdəndir.

Azərbaycan bazarında ikinci əl avtomobilin gələcəyini əsasən üç amil müəyyən edəcək: servis imkanları, ehtiyat hissələrinin əlçatanlığı və markaya olan etibar. Bu sahələr daha da yaxşı inkişaf edərsə, Çin avtomobillərinin ikinci əl bazarı da güclənəcək. Əks halda, xüsusilə bazarda zəif təmsil olunan markalar üçün yüksək dəyər itkisi və satış çətinlikləri davam edəcək”.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, son illərdə Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 2023–2024-cü illərdən etibarən bu avtomobillər həm dünya bazarında, həm də ölkəmizdə daha geniş yayılıb:

“Hazırda qiyməti 50 min manata qədər olan Çin istehsalı plagin hibrid avtomobilləri ikinci əl bazarında dəyərini ciddi şəkildə itirmir. Belə avtomobillər 2–3 il ərzində orta hesabla cəmi 3–5 min manat ucuzlaşır.

Eyni qiymət seqmentində olan tanınmış brend avtomobillər isə 2–3 il ərzində təxminən 10–15 min manat dəyər itirə bilir. Bu baxımdan, hazırda Çin avtomobillərinin qiymət sabitliyi daha yüksək qiymətləndirilir.

Bununla yanaşı, istisna hallar da mövcuddur. Xüsusilə taksi fəaliyyəti üçün istifadə olunan Çin avtomobilləri qısa müddətdə çox yüksək yürüş topladığı üçün onların bazar dəyəri daha sürətlə aşağı düşür. Bir il ərzində 100–200 min kilometr yürüş edən belə avtomobillər ikinci əl bazarında təxminən 10 min manata qədər dəyər itirə bilər.

Avtomobilin istifadə məqsədi, yürüş göstəricisi və texniki vəziyyəti onun ikinci əl bazarındakı qiymətinə birbaşa təsir edən əsas amillərdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər