Övladlığa götürmə zamanı hansı psixoloji və hüquqi məqamlar nəzərə alınmalıdır?
Övladlığa götürülən uşağın yeni ailəyə uyğunlaşması təkcə hüquqi prosedurun tamamlanması ilə yekunlaşmır. Bu proses uşağın emosional təhlükəsizlik hissinin formalaşması, ailə üzvləri ilə etibarlı münasibət qurması və yeni mühitə adaptasiyası baxımından mühüm psixoloji mərhələ hesab olunur. Bu dövrdə valideynlərin uşağa sevgi və qayğı göstərməsi ilə yanaşı, onun keçmiş təcrübələrini, yaşadığı emosional çətinlikləri və fərdi ehtiyaclarını da nəzərə alması xüsusi əhəmiyyət daşıyır. Bəs övladlığa götürülən uşağın yeni ailəyə daha sağlam və təhlükəsiz şəkildə uyğunlaşması üçün valideynlər hansı psixoloji məqamlara diqqət yetirməlidirlər.
Bu barədə Operativ Media-ya psixoloq Leyla Əli danışıb.
O bildirib ki, övladlığa götürülmə uşağın həyatında baş verən ən böyük dəyişikliklərdən biridir. Bu proses yalnız hüquqi deyil, eyni zamanda emosional və psixoloji baxımdan da olduqca həssasdır. Yeni ailəyə keçid həm uşaq, həm də valideynlər üçün uyğunlaşma dövrü tələb edir:
“Uşağın özünü təhlükəsiz, sevilən və qəbul edilmiş hiss etməsi valideynlərin yanaşmasından birbaşa asılıdır.
Təhlükəsizlik hissinin formalaşdırılması
Yeni mühitə gələn uşaq ilk növbədə özünü təhlükəsiz hiss etməyə ehtiyac duyur. O, əvvəlki həyat təcrübələrinə görə insanlara güvənməkdə çətinlik çəkə bilər. Valideynlər uşağa səbir, anlayış və sabit münasibət göstərməli, verdikləri sözlərə əməl etməli, gündəlik həyatında müəyyən rutin yaratmalıdırlar. Təkrarlanan gündəlik qaydalar uşağın özünü daha rahat hiss etməsinə kömək edir.
Bağlanma prosesinə zaman vermək
Hər uşaq yeni valideynlərinə eyni sürətlə bağlanmır. Bəziləri tez ünsiyyət qurduğu halda, digərləri məsafəli, ehtiyatlı və ya aqressiv davrana bilər. Bu davranışlar çox vaxt sevgisizlikdən deyil, keçmiş yaşantılar nəticəsində formalaşmış müdafiə mexanizmlərindən irəli gəlir. Valideynlər uşağın sevgisini qazanmağa tələsməməli, onunla emosional bağ qurmaq üçün kifayət qədər zaman verməlidirlər.
Keçmişinə hörmətlə yanaşmaq
Uşağın keçmişi onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Onun əvvəlki həyatını, xatirələrini və hisslərini inkar etmək və ya unutdurmağa çalışmaq düzgün yanaşma deyil. Əksinə, uşağın suallarına yaşına uyğun, dürüst və anlayışlı cavab vermək, keçmişi haqqında danışmaq istədikdə isə onu diqqətlə dinləmək vacibdir.
Davranış problemlərini düzgün qiymətləndirmək
Yeni ailəyə uyğunlaşma dövründə aqressiya, qapanıqlıq, qorxu, yuxu problemləri, qısqanclıq, diqqət çəkməyə yönəlmiş davranışlar və ya inkişafın bəzi sahələrində geriləmə müşahidə oluna bilər. Bu davranışları "inadkarlıq" və ya "ərköyünlük" kimi qiymətləndirmək əvəzinə, onların arxasında duran emosional ehtiyacları anlamağa çalışmaq daha doğru yanaşmadır.
Şərtsiz qəbul hissi yaratmaq
Uşaq bilməlidir ki, o yalnız uğurlu olduqda deyil, hər bir vəziyyətdə qəbul olunur və sevilir. Onu tez-tez tənqid etmək, digər uşaqlarla müqayisə etmək və ya sevgini davranışından asılı göstərmək uşağın özünəinamına mənfi təsir göstərə bilər.
Səbir ən vacib amildir
Bəzi uşaqların yeni ailəyə tam uyğunlaşması aylar, bəzən isə illər çəkə bilər. Valideynlər bu prosesi yarış kimi deyil, uzunmüddətli münasibətin qurulması prosesi kimi qəbul etməlidirlər. Uşağın hər kiçik irəliləyişini qiymətləndirmək onun özünəinamını artırır.
Ailə üzvlərinin rolu
Əgər ailədə digər uşaqlar varsa, onların da bu prosesə hazırlanması vacibdir. Qısqanclığın qarşısını almaq, hər bir uşağa fərdi diqqət ayırmaq və ailədaxili isti münasibət yaratmaq uşağın yeni ailəyə uyğunlaşmasını asanlaşdırır.
Peşəkar psixoloji dəstəyin əhəmiyyəti
Bəzi hallarda uşağın keçmiş travmaları, itki hissi və ya bağlanma çətinlikləri gündəlik həyata ciddi təsir göstərə bilər. Belə vəziyyətlərdə uşaq psixoloqunun dəstəyi həm uşağın, həm də valideynlərin uyğunlaşma prosesini asanlaşdırır. Psixoloji yardım yalnız problem yarandıqdan sonra deyil, profilaktik məqsədlə də faydalı ola bilər.
Övladlığa götürülən uşağın yeni ailəyə uyğunlaşmasının əsasını sevgi, təhlükəsizlik, səbir və qarşılıqlı etibar təşkil edir. Valideynlər unutmamalıdırlar ki, uşaq üçün ən böyük ehtiyac mükəmməl valideynlər deyil, onu olduğu kimi qəbul edən, dinləyən və hər zaman yanında olduğunu hiss etdirən valideynlərdir. Düzgün psixoloji yanaşma əsasında qurulan münasibət uşağın sağlam emosional inkişafına və ailəyə inam hissinin formalaşmasına mühüm töhfə verir”.
Məsələnin hüquqi tərəflərinə toxunan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fəriz Əkbərov bildirib ki, övladlığa götürmə faktı qanunla qorunan məxfi məlumatdır və bu məlumatların qanunsuz şəkildə yayılması hüquqi məsuliyyət yaradır. Övladlığa götürən şəxslər uşağın hüquqlarının qorunmasına görə məsuliyyət daşıyırlar və həmin hüquqların pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi nəticələrə səbəb ola bilər:
Övladlığa götürmə valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə mühiti və sosial təminat yaratmaq məqsədi daşıyan mühüm hüquqi institutdur. Bu proses yalnız qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir və hər zaman uşağın üstün mənafeyi əsas götürülür. Bununla yanaşı, monitorinqlər zamanı övladlığa götürən şəxslərin valideynlik vəzifələrini yerinə yetirmədiyi, valideynlik hüquqlarından sui-istifadə etdiyi, övladlığa götürülən uşağa qəddar münasibət göstərdiyi, alkoqol və ya narkotik asılılığının olduğu və digər bu kimi hallar müəyyən edilərsə, məhkəmə qaydasında övladlığa götürmənin ləğvi ilə bağlı tələb irəli sürülə bilər”.
F. Əkbərovun sözlərinə görə, məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi barədə qərar qəbul edildikdən sonra uşaq dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq müəssisəyə yerləşdirilir və qanunvericiliyə uyğun olaraq onun reabilitasiyası ilə bağlı tədbirlər görülür.
O diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 aprel 2026-cı il tarixli qərarı ilə edilmiş dəyişikliyə əsasən, bəzi hallarda uşağın övladlığa götürülməsi bioloji valideynlərin razılığı olmadan da mümkündür. Belə ki, valideynlər altı aydan artıq müddətdə uşaqla birlikdə yaşamır, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq onun saxlanılması və tərbiyəsində iştirak etmirlərsə, həmçinin uşağa valideyn qayğısı göstərmirlərsə, məhkəmə uşağın üstün mənafeyini rəhbər tutaraq övladlığa götürməyə razılıq verə bilər. Bu zaman məhkəmə valideynlərin uşaqla faktiki münasibətlərini, onun tərbiyəsində və saxlanılmasında real iştirakını, qəyyumluq və himayə orqanlarının xəbərdarlıqlarını, eləcə də bütün halların uşağın mənafeyinə uyğun olub-olmadığını hərtərəfli qiymətləndirir.
Fəriz Əkbərov vurğulayıb ki, övladlığa götürmə qanunvericiliklə tənzimlənsə də, mahiyyət etibarilə humanist dəyərlərə əsaslanan institutdur və qanunun tələblərinə uyğun həyata keçirilən hər bir övladlığa götürmə uşağın həyatında təhlükəsiz, sabit və ümidverici yeni mərhələnin başlanğıcı hesab olunur.

