Keylor Navas millidəki karyerasını başa vurub və Amerika Kubokunda iştirak etməyəcək
Fransa çempionu PSJ-nin və Kosta-Rika millisinin 37 yaşlı qapıçısı Keylor Navas millidəki karyerasını başa vurduğunu açıqlayıb. O, iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək Amerika Kubokunda iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib.
“Mən komandadan minnətdarlıqla dolu ürəklə və gələcəyə baxan gözlərimlə ayrılıram. Sevdiyimiz Kosta-Rikanın adını həmişə ruhumda və ürəyimdə daşıyacağam”.
Keylor Navas 2008-ci ildə Kosta Rika millisində debüt edib, 114 oyun keçirib, üç dünya çempionatında iştirak edib.
Navas 2019-cu ildən PSJ-də çıxış edir. Onun müqaviləsi iyunda başa çatacaq. O, artıq Paris klubundan ayrılacağını açıqlayıb. Keylor Navas ötən mövsümü icarə əsasında İngiltərənin "Nottingem Forest" klubunda keçirib.