Rusiya Kiyevə hücumu edib
Rusiya iyunun 28-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Gecə saatlarında şimal istiqamətindən ballistik raket təhlükəsi ilə əlaqədar hava həyəcanı elan olunub.
Operativ Media xəbər verir ki, qısa müddət sonra Ukrayna Hərbi Hava Qüvvələri paytaxta raketlərin yaxınlaşdığını bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sakinləri hava həyəcanı başa çatanadək sığınacaqlarda qalmağa çağırıb.
Təxminən saat 02:30 radələrində paytaxtda yenidən güclü partlayış səsləri eşidilib.
Tkaçenko bildirib ki, hücum nəticəsində Kiyevin Darnitski rayonunda bir neçə ünvanda yanğın baş verib.
Yaşayış binasının yaxınlığında, həmçinin avtomobil təmiri stansiyasında alov qeydə alınıb, daha bir qeyri-yaşayış binası da yanır.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.