"Axios": Tramp Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb
ABŞ Prezidenti Donald Tramp "G7" sammiti çərçivəsində Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və ABŞ-nin istənilən sövdələşmə zamanı Rusiyanın Ukraynanın Donbas bölgəsinə nəzarət etmək tələbini qəbul etdiyi Ankoric razılaşmalarına yenidən baxılması ehtimalını istisna etməyib.
Operativ Media xəbər verir ki, Fransanın Evian şəhərində keçirilən sammitdə iştirak edən iki məmura istinadən "Axios" nəşri bu iddia ilə çıxış edib.
Nəşrin məlumatına görə, sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən və bundan əvvəl Rusiya Prezidenti ilə söhbət edən Amerika lideri Moskvaya təzyiq göstərilməsinin zəruriliyindən danışıb.
"Tramp Putinlə bağlı hər şeyə skeptik yanaşırdı və Rusiyaya təzyiq barədə danışırdı, lakin digər liderlər onun, həqiqətən, nəsə bir addım atacağına inanmırlar", - mənbələrdən biri bildirib.
Moskvanın ABŞ-nin Rusiyanın Ukraynanın şərq regionları üzərində nəzarət qurması şərtini qəbul etməsi barədə bəyanatlarına baxmayaraq, iyunun 25-də ABŞ Dövlət katibi Marko Rubio Tramp və Putinin Alyaskadakı görüşündə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə heç bir konkret razılaşmanın əldə olunmadığını bildirib. O həmçinin ABŞ-nin Ukrayna ətrafındakı vəziyyətin nizamlanması prosesində "fəal addımlar atmaq" və konstruktiv mövqe tutmaq niyyətini təsdiqləyib.