Menyu

Dondurulmuş idxal ətləri sağlamlıq üçün hansı riskləri yarada bilər?

Ayşən Sadıxzadə
Dondurulmuş idxal ətləri sağlamlıq üçün hansı riskləri yarada bilər?

Dondurulmuş, xüsusilə də xarici ölkələrdən idxal edilən ətlər qiymət baxımından daha əlçatan olduğuna görə geniş istehlak edilir. Lakin bu məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı müəyyən risklər mövcuddur. Ət zülal mənşəli qida olduğundan tez xarab olmağa meyillidir. Daşınma və saxlanma zamanı soyuq qida zəncirinin pozulması, temperatur rejiminin dəyişməsi Salmonella, Escherichia coli (E. coli) və digər patogen mikroorqanizmlərin çoxalmasına şərait yarada bilər. Bu isə qida zəhərlənmələri və müxtəlif həzm sistemi pozğunluqlarına səbəb ola bilər.

Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, məhsulun donu açıldıqdan sonra yenidən dondurulması da ciddi təhlükə yaradır. Bu zaman mikroorqanizmlərin çoxalma riski artır və məhsulun təhlükəsizliyi əhəmiyyətli dərəcədə azalır:

“Dondurulmuş ətlər əsasən iri heyvandarlıq təsərrüfatlarının fəaliyyət göstərdiyi ölkələrdən idxal olunur və onların bir hissəsi kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarının istehsalında istifadə edilir. Belə məhsulların təhlükəsizliyini qorumaq üçün onlar mənfi 18°C və ya daha aşağı temperaturda saxlanılmalıdır.

Bəzi hallarda bu məhsullar yaşlı, südvermə dövrünü başa vurmuş və ya kəsim yaşı keçmiş heyvanlardan əldə olunduğuna görə rəngi, dadı, teksturası və ümumi keyfiyyəti təzə ətlə müqayisədə aşağı ola bilər. Bu da onların daha ucuz qiymətə satışa çıxarılmasının səbəblərindən biridir.

Emal olunmuş dondurulmuş ət məhsullarının saxlanma müddətini artırmaq məqsədilə tərkibinə konservantlar və digər qida əlavələri daxil edilə bilər. Bu maddələrin uzun müddət və həddindən artıq istehlakı bəzi insanlarda allergik reaksiyalara və həzm sistemi pozğunluqlarına səbəb ola bilər.

Uzun müddət saxlanılan və emal olunan məhsullarda bəzi vitamin və mineralların miqdarı azalsa da, düzgün şəkildə dondurulmuş təbii ətin zülal dəyəri əsasən qorunub saxlanılır. Buna görə də məhsulun qida dəyəri və təhlükəsizliyi ilk növbədə onun mənşəyindən, saxlanma şəraitindən və soyuq qida zəncirinin pozulmamasından asılıdır.

İstehlakçılar ət alarkən məhsulun mənşəyinə, baytarlıq nəzarətindən keçməsinə, satış məntəqəsində sanitar-gigiyenik qaydalara əməl olunmasına və saxlanma temperaturuna diqqət yetirməlidirlər. Ev şəraitində də eyni qaydalara riayət edilməli, donu açılmış ət yenidən dondurulmamalı və mümkün olduqda bir dəfə əridildikdən sonra tam istifadə edilməlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər