İran tərəfinin yanaşması obyektiv deyil - Politoloq
Media elə bir sahədir ki, burada fərqli fikirlərin səsləndirilməsi təbiidir. Məhz buna görə də mediada ifadə olunan mövqelərə görə münasibətləri düşmənçilik müstəvisinə keçirmək və gərginlik yaratmaq düzgün yanaşma deyil.
Bu sözləri Operativ Media-ya politoloq Samir Hümbətov deyib.
O bildirib ki, nəzərə alsaq, söhbət müharibə şəraitindən gedir və Azərbaycan Dövlət Televiziyası Azərbaycan dövlətinin informasiya siyasətini həyata keçirən, rəsmi mövqeni ictimaiyyətə çatdıran media qurumlarından biridir. Bu baxımdan, onun fəaliyyətini və ya efirində səslənən fikirləri avtomatik olaraq düşmənçilik kimi qiymətləndirmək doğru deyil:
“Digər tərəfdən, İranın Mehr Xəbər Agentliyi və Səhər kanalı yarandıqları gündən bu günə qədər dəfələrlə Azərbaycana qarşı tənqidi, hətta anti-Azərbaycan mövqeli materiallar yayımlayıblar. Bununla belə, Azərbaycan dövləti həmin media qurumlarını rəsmi şəkildə "düşmən" elan etməyib və bu səbəbdən onlara qarşı analoji münasibət sərgiləməyib.
Burada diqqət çəkən məqam ikili yanaşmadır. Əgər İran mediasının Azərbaycana qarşı sərgilədiyi mövqe normal qarşılanırsa, Azərbaycan mediasında və ya Azərbaycan tərəfindən səsləndirilən fikirlərin dərhal anti-İran mövqeyi və ya düşmənçilik kimi təqdim edilməsi məntiqi görünmür. Son dövrdə baş verən hadisələr də göstərir ki, belə yanaşma obyektiv və ardıcıl deyil”.
