TDT baş katibi Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
Türk Dövlətləri Təşkilatı (TDT) 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş xain dövlət çevrilişinə cəhdin qarşısının alınması və türk xalqının öz milli suverenliyini, demokratiyasını qoruması münasibətilə bəyanat yayıb.
Operativ Media xəbər verir ki, bu barədə TDT Baş katibi Səfir Kubanıçbek Ömürəliyevin adından yayılan rəsmi mətndə bildirilib. Bəyanatda həmin tarixin türk xalqının konstitusiya quruluşunu müdafiə etmək naminə göstərdiyi qətiyyət və cəsarətin nümayişi olduğu, tarixin dönüm nöqtələrindən birini təşkil etdiyi vurğulanıb.
Sənəddə bu mübarizədə canlarından keçən şəhidlərin ehtiramla yad edildiyi, qazilərə isə minnətdarlıq ifadə olunduğu bildirilib. Qeyd olunub ki, iyulun 15-də ortaya qoyulan milli iradə və birlik bəşəriyyət üçün bir nümunədir.
TDT Katibliyi bu əlamətdar gündə Türkiyə hökuməti və qardaş türk xalqı ilə həmrəy olduğunu bir daha bəyan edib və səmimi təbriklərini çatdırıb.