Netanyahu: İran hücum edərsə, misilsiz gücdə cavab veriləcək
İsrail rəhbərliyi İranla yaşanan gərginliyin yeni mərhələsində hadisələrin hər cür inkişaf ssenarisinə hazır olduğunu bəyan edib və rəsmi Tehranın hücum edəcəyi təqdirdə ona misilsiz gücdə cavab zərbəsi endiriləcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı Dimona şəhərində yerləşən milli nüvə tədqiqatları mərkəzində keçirilən konfransda çıxışı zamanı bildirib. Hökumət başçısının ofisi tərəfindən yayılan bəyanata görə, o, qarşı tərəfə xəbərdarlıq edərək növbəti hərbi cavabın daha sarsıdıcı olacağını vurğulayıb.
Baş nazir çıxışında İsrailə qarşı edilən hücumların cavabsız qaldığı dövrün artıq geridə qaldığını və ölkəsinə zərər vermək istəyən hər kəsə, o cümlədən İrandakı qüvvələrə qarşı analoji addımların atılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb, iyun ayında isə tərəflər arasında döyüşlərin dayandırılmasını nəzərdə tutan memorandum imzalanıb. Lakin iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Tehranı razılaşmaları pozmaqda günahlandıraraq atəşkəs rejiminin qüvvədən düşdüyünü elan edib.
Buna cavab olaraq, iyulun 13-də İran Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Baqai rəsmi Tehranın saziş şərtlərinə tam əməl etdiyini bildirib və yaranmış vəziyyətə görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü bəyan edib.