Ceyhun Bayramov: "Azərbaycan, İordaniya və Türkiyə birgə layihələr üçün böyük potensiala malikdir"
Azərbaycan, İordaniya və Türkiyə birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə birgə brifinqdə deyib.
Nazirin sözlərinə görə, iordaniyalı həmkarı ilə danışıqların əsas mövzularından biri nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı, həmçinin qonşu regionlara və bazarlara qarşılıqlı çıxışın genişləndirilməsi və iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün iki ölkənin potensialından daha səmərəli istifadə edilməsi olub.
"Azərbaycanın bilavasitə iştirakı ilə Xəzər regionundan enerji resurslarının dünya bazarlarına çatdırılması üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Bunlar neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla nəqliyyat infrastrukturunun inkişafıdır. Bütün bu layihələr Gürcüstan və Türkiyədən keçir. Eyni zamanda, yeni regional şəraitdə Yaxın Şərq və Aralıq dənizi ölkələri yeni nəqliyyat marşrutlarını fəal şəkildə inkişaf etdirirlər. İordaniya da Türkiyə istiqamətində bir sıra layihələrin həyata keçirilməsi üzrə hazırlıq işləri aparır. Biz hesab edirik ki, Azərbaycan, İordaniya və Türkiyə birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensiala malikdir", - C.Bayramov bildirib.
XİN rəhbəri Orta Dəhlizin artan rolunu vurğulayaraq regional əlaqəlilik məsələsinə də toxunub:
"Biz Orta dəhlizin əhəmiyyətinin davamlı olaraq artdığını müşahidə edirik. Azərbaycan nəqliyyat və enerji infrastrukturunu fəal şəkildə inkişaf etdirərək, Xəzər hövzəsindən dünya bazarlarına enerji resurslarının tədarükünü təmin edir. Yeni regional şəraitdə Yaxın Şərq və Aralıq dənizi dövlətləri də yeni nəqliyyat marşrutlarının yaradılması üzərində işləyirlər".
O həmçinin vurğulayıb ki, Azərbaycan qaz ixracı coğrafiyasını genişləndirir:
"Əgər ənənəvi olaraq Azərbaycan təbii qazının əsas ixrac bazarları Gürcüstan, Türkiyə və Avropa ölkələri idisə, ötən ilin avqust ayından etibarən Azərbaycan Suriyaya da qaz tədarükünə başlayıb. Bu isə o deməkdir ki, Azərbaycan enerji resursları artıq İordaniya ilə həmsərhəd olan ölkəyə də çatdırılır və Azərbaycan bu istiqamətdə həyata keçirilən müvafiq layihələrdə iştirak edir. Hesab edirik ki, bu istiqamətdə də Azərbaycanla İordaniya arasında çox geniş əməkdaşlıq perspektivləri açılır".