Misir Futbol Assosiasiyası Argentina-Misir matçının hakiminə qarşı şikayət ərizəsi ilə müraciət edib
Misir Futbol Assosiasiyasının (EFA) prezidenti Hani Abo Rida 2026-cı il dünya çempionatının Argentina və Misir yığmaları arasında keçirilən 1/8 final oyununu (3:2) idarə edən fransalı hakim Fransua Leteksye və onun rəhbərlik etdiyi hakimlər briqadasından rəsmi şikayət edib.
Operativ Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
EFA-nın qənaətinə görə, hakimlərin verdiyi bir sıra qərarlar mübahisəli olub və qarşılaşmanın nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Federasiya rəsmi izahat tələb edərək araşdırma aparılmasını, həmçinin fransalı hakimlər briqadasının DÇ-2026-nın növbəti oyunlarından kənarlaşdırılmasını istəyib.
Qeyd edək ki, daha əvvəl Belçika da daxil olmaqla, bir neçə ölkənin milli federasiyası da hakimlərin işindən narazılığını ifadə etmişdi.