Böyük Britaniya və Niderland 3,2 milyard dollarlıq dəniz tərəfdaşlığı sazişi imzalayıb
Böyük Britaniyanın Baş naziri Kir Starmer və niderlandlı həmkarı Rob Yetten Ankarada keçirilən NATO sammiti çərçivəsində 2,4 milyard funt sterlinq (3,2 milyard ABŞ dolları) məbləğində dəniz tərəfdaşlığı haqqında saziş bağlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.
Razılaşmaya əsasən, Britaniya və Niderland silahlı qüvvələri yeni desant-nəqliyyat gəmiləri alacaq.
"Elitar desant qüvvələrimiz üçün birinci dərəcəli platformalar yaratmaq məqsədilə Böyük Britaniyanın sənaye təcrübəsini Niderlandın layihələndirmə və dənizçilik təcrübəsi ilə birləşdirərək biz NATO-nu gücləndirəcəyik", - Kir Starmer bildirib.
Dəqiqləşdirilib ki, hər bir ölkə gücləndirilmiş Britaniya-Niderland desant qüvvələrinin əsasını təşkil edəcək dörd gəmi alacaq. Uzunluğu təxminən 160 metr və su tutumu 15 min ton olan gəmilər hərbçiləri, texnikanı, avadanlıqları və pilotsuz sistemləri daşıya biləcək.
Qeyd edilib ki, gəmilər müasir və gələcək uzaqmənzilli dronların, habelə avtonom sistemlərin istismarı üçün xüsusi hazırlanmış uçuş göyərtələrinə malik olacaq.