Türkiyənin strateji rolu və NATO-nun Ankara sammitindən əsas gözləntilər - TƏHLİL
NATO-nun Ankaradakı Zirvə toplantısında alyansın qarşısında duran əsas təhlükəsizlik problemləri, kollektiv müdafiənin daha da gücləndirilməsi, regional və qlobal çağırışlar, eləcə də tərəfdaş ölkələrlə əməkdaşlığın perspektivləri əsas müzakirə mövzularıdır.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, müasir geosiyasi şəraitdə NATO həm Avropa məkanında, həm də Yaxın Şərq, Qara dəniz və Hind-Sakit okean regionlarında yaranan risklərə qarşı vahid yanaşma formalaşdırmağa çalışır.
Hazırda NATO daxilində müəyyən fikir ayrılıqlarının mövcud olduğu da müşahidə edilir. Xüsusilə ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı gözləntilərinin tam reallaşmaması, həmçinin alyans daxilində müdafiə xərclərinin daha ədalətli bölüşdürülməsi ilə bağlı Vaşinqtonun tələbləri üzv dövlətlər arasında müzakirələri intensivləşdirib. ABŞ uzun müddətdir ki, Avropa ölkələrinin öz müdafiə imkanlarını artırmalı və təhlükəsizlik sahəsində daha çox məsuliyyət daşımalı olduqlarını vurğulayır. Bu yanaşma NATO-nun gələcək inkişaf modeli ilə bağlı fərqli baxışların formalaşmasına səbəb olub.
Bununla belə, bu fikir ayrılıqlarını NATO daxilində dərin böhran kimi deyil, daha çox alyansın yeni geosiyasi reallıqlara uyğunlaşma prosesi kimi qiymətləndirmək daha doğrudur. Çünki NATO-nun əsas prinsipi olan kollektiv müdafiə üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsində hələ də fundamental əhəmiyyət daşıyır və bu prinsip alyansın birliyinin əsas sütunu olaraq qalır.
Türkiyə NATO-nun ən böyük və ən güclü üzvlərindən biridir. Coğrafi mövqeyi, yüksək hərbi potensialı və regional təhlükəsizlik məsələlərində oynadığı mühüm rol Ankara üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Türkiyənin ev sahibliyi etdiyi və ya fəal iştirak etdiyi yüksək səviyyəli NATO görüşləri alyans daxilində həmrəyliyin möhkəmləndirilməsinə, tərəfdaşlar arasında dialoqun genişlənməsinə və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə mühüm töhfə verə bilər.
Deputat qeyd edib ki, sammit çərçivəsində kollektiv müdafiə, hərbi imkanların artırılması, müdafiə sənayesində əməkdaşlıq, kiber və enerji təhlükəsizliyi, eləcə də yeni təhdidlərə qarşı birgə fəaliyyət mexanizmləri ətrafında aparılacaq müzakirələr NATO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək.
Azər Badamovun sözlərinə görə, bu qərarlar alyansın qlobal təhlükəsizlik sistemindəki mövqeyinin daha da möhkəmlənməsinə və yeni çağırışlara qarşı daha çevik reaksiya verməsinə şərait yaradacaq.
