Müddətli həqiqi hərbi xidməti başa vurmuş sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıb
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vurmuş hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli tədbirlər keçirilmişdir.
Bu barədə Operativ Media-ya DSX-dən məlumat verilib.
Hərbi hissələrin əsgəri şücaət, şərəf və şan simvolu olan Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirlərdə çıxış edənlər hərbi xidməti başa vurmuş sərhədçi əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət, ayıq-sayıqlıq və peşəkarlıqla yerinə yetirdiklərini vurğulamışlar.
Bildirilmişdir ki, onların hərbi xidmət dövründə nümayiş etdirdikləri nizam-intizam, vətənpərvərlik, hərbi anda sədaqət və xidmətə vicdanlı münasibəti Vətənə layiqli xidmət nümunəsi kimi yüksək qiymətləndirilir.
Xidmət dövründə müsbət keyfiyyətlərinə görə fərqlənmiş hərbi qulluqçular təltif edilmiş, Silahlı Qüvvələrin ehtiyatına buraxılan əsgərlər onlara göstərilən etimada, qazandıqları bilik və bacarığa görə minnətdarlıqlarını ifadə etmişlər.
Mərasimlərə dəvət olunan əsgər valideynləri övladlarına göstərilən diqqət və qayğıya, yaradılmış nümunəvi xidmət və məişət şəraitinə görə təşəkkür etmişlər.
Tədbirlərin sonunda sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıb.