Türkiyədə yanğın yaşayış məntəqələrinə çatıb
Türkiyənin İzmir vilayətinin Dikili rayonunda meşə yanğını yaşayış məntəqələrinə çatıb.
Operativ Media xəbər verir ki, günorta saatlarında başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış məntəqələrinə qədər irəliləyib.
Rayonun Çandarlı bölgəsində başlayan yanğın kolluq sahələrə keçib, alovlar "Pelin Sitesi" və "Zeynep Keşan Evleri" yaşayış komplekslərinin ətrafına qədər çatıb.
Hadisə ilə bağlı əraziyə İzmir bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinə məxsus 6 briqada, eləcə də ətraf rayonlardan cəlb olunan qruplar daxil olmaqla ümumilikdə 30 yanğınsöndürmə briqadası göndərilib.
Meşə təsərrüfatı xidmətinin qüvvələri də yanğının söndürülməsi işlərinə havadan və qurudan qoşulub. Hazırda alovun nəzarət altına alınması istiqamətində əməliyyatlar davam edir.