Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Həvva Hüseynli deyib.
O qeyd edib ki, yoxlama və nəzarət zamanı bəzi öhdəliklər provayderlərin üzərində düşür.
“Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi də qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim edilməlidir. Fərdi məlumatlar isə yalnız yaşın təsdiqi üçün istifadə olunmalı və yaşın uyğunluğu təsdiq edilmədiyi halda dərhal silinməlidir".