SN: Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir
Azərbaycan 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi olaraq malyariyadan azad ölkə kimi sertifikatlaşdırılıb. Ölkədə son yerli malyariya yoluxması 2012-ci ildə qeydə alınıb və hazırda xəstəliyin yerli yayılması müşahidə edilmir.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Bunu da oxu: Kürətrafı rayonlarda ağcaqanadlar kütləvi şəkildə artıb - Həkim və ekoloqdan XƏBƏRDARLIQ
Qeyd olunub ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölkə ərazisində epidemioloji monitorinq mütəmadi olaraq həyata keçirilir, sanitariya-epidemioloji vəziyyət daim qiymətləndirilir və profilaktik tədbirlər davam etdirilir.
Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun olaraq, yoluxucu xəstəliklərə qarşı epidemioloji nəzarət sistemi fasiləsiz fəaliyyət göstərir, mümkün risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün zəruri tədbirlər görülür.
Hazırda əhali üçün hər hansı əlavə epidemioloji təhlükə qeydə alınmayıb", - məlumatda qeyd olunub.