ADY rəsmisi: Ən çox bilet Tbilisidən Bakıya doğru alınıb
Bakı–Tbilisi istiqamətində biletlərin satış səviyyəsi 70 faizə çatıb.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev Operativ Media-ya açıqlamasında bildirib.
Məlumata görə, ilk qatar bu gün Bakıdan yola salınacaq.
“Reys gündəlik əsasda Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da hərəkət edəcək. Bakı–Tbilisi istiqamətində ümumi yol müddəti təxminən 9 saat 30 dəqiqə təşkil edir. Səfər zamanı sərhəd və gömrük prosedurları həm Azərbaycan, həm də Gürcüstan tərəfində həyata keçiriləcək”, - Bəxtiyar Hacıyev deyib.
Qeyd olunub ki, qatar Bakı istiqamətində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax və Gəncə bölgəsi stansiyalarında dayanacaq. Gürcüstan tərəfdə isə Qardabani stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında dayanma nəzərdə tutulur.
Məlumata görə, satışda olan biletlərin satış səviyyəsi 70 faizə çatıb.
Tbilisi istiqamətində isə tələbat daha yüksək olub və bəzi reyslər üzrə biletlər demək olar ki, tam satılıb.
ADY-dən bildirilib ki, gələcəkdə sərnişin axınına uyğun olaraq qatar tərkibinin genişləndirilməsi nəzərdən keçirilir.