WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - YENİLƏNİB
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı tərəfindən təsis edilib.
Bu barədə Operativ Media-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir:
"WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təsis olunan yeni beynəlxalq mükafat – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib".
Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.
Mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas qalıcı irsindən biri olacaq. Mükafat Forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.
Təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə tutur:
"Şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər;
ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar;
uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası".
Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.
Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)" və "Bakı Davamlılıq Koalisiyası" təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın "Hər kəs üçün münasib mənzil" üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.
Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı 2022-ci ildə Azərbaycan Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl şəkildə inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində şəhərsalmanın inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Buraya həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər daxildir.
16:46
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – “Bakı Şəhərsalma Mükafatı” təsis edib.
Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-dəki yeniliklərin, burada real həyat nümunələri ilə nümayiş etdirilən təcrübələr toplusunun, həmçinin yeni təsis edilən “Bakı Şəhərsalma Mükafatı”nın ümumi səylərin davam etdirilməsinə mühüm töhfə verəcəyini bildirib.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bakı Şəhərsalma Mükafatı”nın əksər hallarda bir-birindən ayrı şəkildə fəaliyyət göstərən üç mühüm amili əlaqələndirmək məqsədi daşıdığını bildirib: "Bura birincisi, təcrübə – merlərin və mütəxəssislərin artıq işləyib hazırladığı real həll yolları; ikincisi, bilik – bu həllərin effektivliyinə dair ciddi sənədləşdirmə və üçüncüsü, siyasət – qazanılmış təcrübənin hökumətlər, beynəlxalq qurumlar, eləcə də Qlobal Şəhərsalma Gündəliyi tərəfindən tətbiqi daxildir. Mükafatın hər bir mərhələsi sadəcə təltifetmə mərasimi ilə yekunlaşmayacaq, öyrənmə, potensialın gücləndirilməsi və təcrübənin yenidən tətbiqi üçün fəal dəstək mexanizmləri ilə davam etdiriləcək. Bu mükafat yalnız uğurlu həll yollarını təqdir etmək deyil, həm də onların miqyasını genişləndirmək məqsədi daşıyır".
Tədbirə ünvanladığı videomüraciətində tanınmış britaniyalı memar Norman Foster şəhər merləri, yerli idarəetmə orqanlarının rəhbərləri və vətəndaş cəmiyyəti liderlərinin “Bakı Şəhərsalma Mükafatı”nın əsas fəlsəfəsini təşkil edən dayanıqlı şəhərsalma və mənzil təminatı vasitəsilə müsbət dəyişikliklərə imza ata biləcəklərini vurğulayıb. “Buna görə də “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə üzv qismində dəvət olunmaqdan şərəf duyuram. Bu çox vacib tədbirə yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və Bakı Şəhər İcra Hakimiyyətinə dərin ehtiramımı bildirirəm”, - deyə Norman Foster əlavə edib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru bu təşəbbüsdə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməkdən böyük məmnunluq və şərəf duyduğunu bildirib: "Biz burada mənzil təminatı və şəhərsalma məsələlərini müzakirə edirik. Odur ki, bura sözügedən mükafatın təqdim olunması üçün ən doğru məkandır. Bu mükafat digər qlobal təşəbbüslərlə də bağlıdır”. O, bu təşəbbüsün WUF-un əsas prioritetlərindən birinə çevriləcəyinə ümidvar olduğunu bildirib. “Ümid edirik ki, bu platforma 2028-ci ildə Meksikada keçiriləcək növbəti WUF-un da ayrılmaz hissəsini təşkil edəcək”, - deyə Edlam Yemeru diqqətə çatdırıb.