2030-cu ildə Bakıda tıxac problemi qalacaqmı?
Bakıda tıxac probleminin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələr 2030-cu ilədək şəhər mobilliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına hesablanıb.
Operativ Media xəbər verir ki, bunu Anar Rzayev "Report" İnformasiya Agentliyi və Xəzər TV-yə geniş müsahibəsində deyib.
O bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” şəhərdə nəqliyyat təminatı və mobilliyin artırılması ilə bağlı bütün əsas istiqamətləri əhatə edir.
AYNA sədrinin sözlərinə görə, proqram üç əsas istiqamətdən ibarətdir: yol-nəqliyyat infrastrukturu layihələri, ictimai nəqliyyatın genişləndirilməsi və piyada əlçatanlığı ilə alternativ nəqliyyat növlərinin inkişafı.
Anar Rzayev qeyd edib ki, yol infrastrukturu üzrə ümumilikdə 25 layihə nəzərdə tutulub və bunların əsas hissəsini üç böyük dairəvi yol təşkil edir. Onun sözlərinə görə, Bilgəh–Novxanı–M4, Böyükşor–Binəqədi–Sulutəpə–Xocasən və Ziya Bünyadov prospekti ilə Kənar Dairəvi yol arasında yaradılacaq yeni bağlantılar tranzit nəqliyyatın şəhər mərkəzinə daxil olmasının qarşısını almağa xidmət edəcək.
O əlavə edib ki, şəhər daxilindəki “dar boğaz”ların aradan qaldırılması üçün də layihələr icra olunur. Bu çərçivədə “Excelsior Hotel” yaxınlığında yeni tunellərin tikintisi, eləcə də “20 Yanvar” ərazisində sıxlığın azaldılması istiqamətində işlər nəzərdə tutulub.
AYNA sədri bildirib ki, bütün yol qovşaqları “rəqəmsal əkiz” texnologiyası vasitəsilə əvvəlcədən simulyasiya edilir və bu yanaşma layihələrin real şəraitdə effektivliyini qiymətləndirməyə imkan yaradır.
Müsahibədə ictimai nəqliyyatın inkişafına da toxunan Anar Rzayev qeyd edib ki, proqram çərçivəsində 10 yeni metro stansiyasının tikilməsi, şəhərətrafı dəmir yolu xətlərinin bərpası və avtobus parkının genişləndirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, “Bənövşəyi” metro xəttinin uzadılması, Xocasən–Avtovağzal istiqamətinin genişləndirilməsi və Xırdalan istiqamətində dəmir yolu layihələri sərnişin axınının azalmasına kömək edəcək. Həmçinin 2026-cı ildə B4 metro stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Anar Rzayev əlavə edib ki, proqramın üçüncü istiqaməti piyada əlçatanlığının artırılmasıdır. Bu çərçivədə İslam Səfərli küçəsi, “28 May” metrosu ətrafı və Xaqani bağı ərazisində piyadalaşdırma layihələri həyata keçirilib, hazırda isə “Gənclik” metrosu ətrafında oxşar işlər davam etdirilir.