Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, Ceyhun Bayramovla səmərəli müzakirə aparılıb və görüş zamanı liderlərin Qəbələdə keçirilən danışıqları çərçivəsində əldə olunan razılaşmaların icrası nəzərdən keçirilib.
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla səmərəli söhbətim oldu. Həmkarıma qonaqpərvərliyinə və liderlərimizin Qəbələ səfəri və danışıqları zamanı mənimlə görüşdüyünə görə təşəkkür etdim. Biz bu danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik.
Ukrayna suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı olaraq dəstəklədiyinə, eləcə də xüsusilə enerji sektorunda göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır. Biz fəal dialoq aparmaq və əlaqələrimizi davam etdirmək barədə razılığa gəldik", - deyə paylaşımda qeyd olunur.