Endokrinoloji xəstəliklər hansılardır? - Həkim danışır
Endokrin sistem bədənin müxtəlif funksiyalarını, bioloji aktiv maddələr sayılan hormonlar vasitəsilə tənzimləyən, idarə edən, koordinasiya edən bir vəzilər sistemidir. Sadə dildə desək, bu sistem bir orqandan başqa bir orqana kimyəvi mesajlar, yəni hormonlar göndərərək orqanların necə işləyəcəyini idarə edir.
Bu sözləri Operativ Media-ya açıqlamasında endokrinoloq Lalə Alcan deyib.
O bildirib ki, endokrin sistemin əsas xüsusiyyətləri hormonların birbaşa qana vermək, sinir sistemindən daha yavaş, amma daha uzun müddətli təsir göstərmək, bədəndə, orqanizmdə homeostazı və ya bədəndə balansı qorumaqdır:
“Əsas endokrin vəzilər: hipofiz vəzisi başın içində, kəllə qutusunun içində yerləşir. Hipotalamus vəzisi hipofizdən bir üst hissədə yerləşir, hipotalamus hipofizi idarə edir, hipofiz də digər vəziləri idarə edir. Qalxanvari vəz və ya tiroid maddələr mübadiləsini tənzimləyir. Paratiroid vəzilər kalsium mübadiləsini tənzimləyir.
Böyrəküstü vəzilər, adrenal vəzilər və ya stress hormonları, məsələn, kortizol, DHEA və aldosteron ifraz edir. Pankreas və ya mədəaltı vəzi insulin və qlükagon ifraz edərək qan şəkərini tənzimləyir. Cinsiyyət vəziləri – yumurtalıq və xayalar reproduktiv, yəni çoxalma funksiyalarında iştirak edir.
Endokrin sistemdə APUD sistem hüceyrələri də vardır ki, bu hüceyrələr xüsusilə bağırsaq divarında yerləşmiş tək hüceyrəli hormon ifraz edən hüceyrələrdir.
Endokrin sistem nəyi idarə edir? Boy və inkişafı, maddələr mübadiləsini, qan şəkərini, stress reaksiyalarını, reproduktiv (çoxalma) funksiyalarını, kalsium mübadiləsini, ümumiyyətlə, orqanizmdə gedən bütün prosesləri. Yəni, orqanizmdə olan hər bir funksiya neyroendokrin yolla idarə olunur.
İndi gəlin endokrinoloji xəstəliklərə baxaq. Endokrinoloji xəstəliklər hormon istehsal edən vəzilərin məsələn, tiroid vəz, hipofiz vəz, böyrəküstü vəz və s. funksiyasının pozulması ilə yaranan bir qrup xəstəliklərdir. Bu pozğunluq ya hormon azlığına, ya da hormon çoxluğuna bağlı olur. Yəni ya hormon azdır, ya da həddindən artıq çoxdur.
Tiroid vəz xəstəlikləri Azərbaycanda çox yayılmışdır və xalq arasında “zob” kimi tanınır. Bu xəstəliklər iki qrupa bölünür:
– Hipotiroidizm (hormon azlığı): yorğunluq, kökəlmə, soyuğa dözümsüzlük, saç tökülməsi, sonsuzluq, dəri quruluğu ilə müşahidə olunur.
– Hipertiroidizm (hormon çoxluğu, zəhərli zob): arıqlama, əsəbilik və s. ilə gedir. Buna çox vaxt Bazedov (Graves) xəstəliyi də deyilir.
Hipertiroidizmin növləri də var: vəzdə düyün olub artıq hormon ifraz etməsi (toksik ur), və ya Graves xəstəliyi autoimmun proses nəticəsində yaranır.
Tiroid vəzin böyüməsi müxtəlif səbəblərdən ola bilər: yod çatışmazlığı, düyünlər, Haşimato xəstəliyi və ya tiroiditlər. Tiroiditlər iltihabi xəstəliklərdir, autoimmun (məsələn, Haşimato ömürlükdür) və qeyri-autoimmun (infeksiyaya bağlı olub sağala bilər) olur.
Şəkər xəstəliyi diabet də endokrin xəstəlikdir və iki qrupa bölünür:
– Tip 1 diabet: insulin çatışmazlığı
– Tip 2 diabet: insulinə rezistentlik və maddələr mübadiləsi pozğunluğu
Prediabet – şəkərönü vəziyyətdir.
Bir də şəkərsiz diabet (diabet insipidus) var ki, şəkərlə birbaşa əlaqəsi yoxdur. Sadəcə simptomları (çox su içmə, çox sidiyə getmə) oxşardır. Bu xəstəlik antidiuretik hormonun (ADH, vazopressin) ifrazı və ya təsiri ilə bağlı yaranır:
– Mərkəzi tip (hipotalamus/hipofiz mənşəli)
– Periferik tip (böyrək reseptorlarına təsir edə bilməməsi)
Hipofiz xəstəliklərinə gigantizm (uşaqlıqda həddindən artıq boy artımı), akromeqaliya (böyüklərdə), hipopituitarizm (hipofiz hormonlarının çatışmazlığı) aiddir.
Böyrəküstü vəz xəstəlikləri: Kuşinq sindromu, Addison xəstəliyi.
Paratiroid vəz xəstəlikləri: hiperparatiroidizm, hipoparatiroidizm, osteoporoz kalsium və sümük mübadiləsi ilə bağlıdır.
Reproduktiv endokrin xəstəliklər: polikistik ovar sindromu, hipogonadizm, menstrual pozğunluqlar.
Digər endokrin patologiyalar: piylənmə (obezite), metabolik sindrom, vitamin D çatışmazlığı (çünki vitamin D də hormon kimi fəaliyyət göstərir)”.