Avtomobil sığorta qaydalarında yenilik - Güzəştlər və ödənişlər necə dəyişəcək?
Operativ Media
Xəbər verdiyimiz kimi, Azərbaycan avtomobil sığortası sahəsində yeni qaydalar tətbiq olunacaq. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, icbari sığorta haqqı artıq sürücülərin əvvəlki qəza və cəza tarixçəsi nəzərə alınmaqla hesablanacaq.
Operativ Media xəbər verir ki, yeni sistemdə bonus-malus yanaşması təkmilləşdirilərək sürücülərin fərdi risk göstəricilərinə əsaslanan mexanizmlə əvəz olunur. Qaydaya görə, qəzasız idarəetmə hallarında sürücülərə sığorta haqqında güzəştlər tətbiq ediləcək, əks halda isə ödəniş məbləği artacaq.
Bundan başqa, avtomobili bir neçə şəxs idarə edirsə, ən yüksək riskli sürücünün göstəricisi əsas götürüləcək. Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri üçün isə xüsusi yanaşma tətbiq olunacaq.
İSB-nin departament rəhbəri Xanım Camalova “Günə Doğru”nun efirində bildirib ki, əvvəllər sığorta müqaviləsi bağlanarkən nəqliyyat vasitəsini idarə edən şəxslər sığortalı ilə ümumi şəkildə nəzərə alınırdı. Yəni sığorta haqqı formalaşarkən əsasən ümumi yanaşma tətbiq olunurdu. Lakin yeni yanaşmada artıq nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı və onların risk göstəriciləri ayrıca qiymətləndirilir. Risk səviyyəsi daha yüksək olan sürücülər üçün əlavə sığorta yükü tətbiq olunacaq.
Yeni sistemə əsasən, sürücülərin ödəyəcəyi icbari sığorta haqqı artıq onların əvvəlki qəza tarixçəsinə görə hesablanacaq. Əgər sürücü müəyyən müddət ərzində qəza törətməzsə, hər il 5% güzəşt əldə edəcək. Əksinə, sürücünün təqsiri ilə baş verən hər bir sığorta hadisəsi onun sığorta haqqını 30% artıracaq.
Digər mühüm məqam ondan ibarətdir ki, avtomobili bir neçə nəfər idarə edirsə, sığorta hesablanarkən ən yüksək risk göstəricisinə malik sürücünün məlumatları əsas götürüləcək.
Əvvəlki qaydalarda nəqliyyat vasitəsini idarə edən şəxslərin sayına görə 1.15 əmsal tətbiq edilirdi. Yeni yanaşmaya əsasən isə əgər sürücü sayı 5-dən çoxdursa, bu əmsal tətbiq edilmir, 5-dən azdırsa, əmsal 1 kimi götürülür. Bu da ümumi sığorta məbləğinin daha ədalətli formalaşmasına imkan yaradır.
Qaydalar hüquqi şəxslərə də şamil edilir, lakin taksi fəaliyyəti istisna olmaqla. Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrində mövcud yanaşma olduğu kimi saxlanılır.
Bu sistem ümumilikdə sürücülərin daha məsuliyyətli davranmasına şərait yaradır, çünki hər qəza birbaşa sığorta xərclərinə təsir edəcək.