FİFA Dünya Çempionatının mükafat fondunu artıracaq
Bəzi milli assosiasiyaların final turnirindəki yüksək əməliyyat xərcləri ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra 2026-cı il Dünya Çempionatının mükafat fondu artırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.
Daha əvvəl bəzi Avropa yığmaları Şimali Amerikada keçiriləcək turnirdə iştirakın onlara maliyyə itkisi gətirə biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdilər. Çünki burada gözlənilən xərclərin dörd il əvvəl Qətərdə baş tutan turnirdəkindən xeyli yüksək olacağı ehtimal edilir. Bundan sonra FİFA dünya üzrə milli assosiasiyalarla bu mövzuda dialoq aparıb və həm iştirakçı ölkələr üçün mükafat məbləğini, həm də bütün 211 üzv assosiasiyaya ayrılan inkişaf maliyyəsini artırmaq qərarına gəlib. Maliyyələşmənin artırılması ilə bağlı təfərrüatların müzakirəsi davam edir.
PA agentliyi FİFA nümayəndəsinin bu sözlərini sitat gətirib: “28 aprel 2026-cı il tarixində Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA Şurasının iclası ərəfəsində qurum təsdiqləyə bilər ki, gəlirlərin artırılması ilə bağlı dünya üzrə assosiasiyalarla danışıqlar aparır. Bura 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmış bütün komandalara ödənişlərin və 211 üzv assosiasiyanın hamısı üçün nəzərdə tutulan inkişaf maliyyəsinin artırılması təklifi daxildir. 2026-cı il Dünya Çempionatı dünya futbol ictimaiyyətinə maliyyə töhfəsi baxımından yenilikçi olacaq. FİFA özünün ‘FIFA Forward’ proqramı vasitəsilə dünya futboluna fayda vermək üçün tarixdəki ən güclü maliyyə vəziyyətində olması ilə qürur duyur. Müzakirələrin gedişatından asılı olaraq, əlavə təfərrüatlar vaxtında təqdim olunacaq”.
Ötən ilin dekabrında FİFA final turnirinin 48 iştirakçısı arasında bölünmək üçün 727 milyon ABŞ dolları məbləğində rekord mükafat fondu təsdiqləmişdi (bura qalib komanda üçün 50 milyon dollar daxildir). Cari ilin fevral ayında Avropa assosiasiyalarının rəsmiləri PA-ya bildirmişdilər ki, mükafat fondunun rekord həddə olmasına baxmayaraq, Qətərlə müqayisədə bu turnirdəki yüksək xərclər, o cümlədən ABŞ-də ştatdan ştata dəyişən vergilərlə bağlı təminatın olmaması onlarda narahatlıq yaradır. FİFA təşəbbüs göstərərək final turniri ərəfəsində bütün qitələrin assosiasiyaları ilə danışıqlara başlayıb.