Menyu

Azərbaycanda Aİ-95 bahalaşacaq? - AÇIQLAMA

Ayşən Sadıxzadə
 Azərbaycanda Aİ-95 bahalaşacaq? - AÇIQLAMA

Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazı uzun müddətdir bağlıdır, boğazın ikitərəfli blokadası dünyada enerji böhranı yaradıb. Avropa sakinləri üçün bu yaz qışdan fərqlənmir, istilik üçün indi də artıq pul ödəməli olurlar. Yayda isə səyahət onlara ikiqat baha başa gələcək, çünki təyyarə biletlərinin qiyməti artır, Avropa aviasiya şirkətləri yanacaqdan korluq çəkir, bu səbəbdən şirkətlər ya bilet qiymətlərini qaldırır, ya da uçuşları azaldır. Benzin qiymətləri isə indi ən narahat edən məqamdır.

Bəs Azərbaycan bu problemlərlə qarşılaşa bilərmi? Azərbaycanda Aİ- 95-in bahalaşması gözlənilirmi?

Operativ Media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli İTV-yə açıqlamasında Avropadakı enerji böhranını şərh edib.

O bildirib ki, Hörmüz boğazında yaşanan gərginlik fonunda Aİ ölkələri digər təchizatçılarla əməkdaşlığı sürətləndirirlər: "Amma enerji sahəsi elə bir sahədir ki, burada uzunmüddətli müqavilələr işləyir. Ona görə də Avropa Birliyi ölkələri digər istehsalçılardan həmən nefti və qazı ala bilmirlər.

Artıq Avropada ümumi enerji qiymətləri 70% artıb. Avropa İttifaqı ölkələrində benzinin qiyməti fevral ayı ilə müqayisədə orta hesabla 15%, dizel isə 30% bahalaşıb. Ən yüksək artım Niderland, Danimarka, Almaniya və Fransada qeyd alınıb. 

Yaxın Şərqdə savaşa hələki fasilə verilib, lakin Hörmüzdə vəziyyət gərgin olaraq qalır. Bu hal qlobal sanksiyalar altında olan Rusiyanı əsas oyunçuya çevirib.

Bəs Avropa qaz üçün yenidən Rusiya qapısını döyəcəkmi?

Natiq Cəfərli bildirib ki, böhranlı vəziyyətlərin yaranmaması üçün gələcəkdə Rusiya neftindən və qazından imtinanın yavaş-yavaş aradan qaldırılması və yumşaldılması, sanksiyaların yumşaldılması ilə bağlı ən azından danışıqlar gedir:

“Çünki nəticə etibarilə 500 milyonluq bir Avropadan danışırıq. Ona görə də Avropa Birliyi ölkələrində Rusiya ilə münasibətlərin normallaşması ilə çalışan və yaxud buna çağırış edən liderlərin sayı getdikcə artır. Amma bunun Ukrayna müharibəsi bitmədən hemen realizə olunması, həmin an həyata keçilməsi açıq bir qədər problematik görünür”.

Dənizlərdəki fırtına səmadakı su olunar. Hörmüz böhranı Avropada aviabiletləri kəskin bahalaşdırıb. Qitə təyyarə yanacağının 40 faizini idxal edir. Bunun da yarısı yaxın şərqdən gəlir. Artıq Almaniyanın Lufthansa şirkəti 2026-cı ilin oktyabrına qədər 20 min reysi ləğv edib. Yanacaq çatışmazlığı bəzi uçuşların qiymətini 80-100 avro bahalaşdırıb. 

Bəs, qlobal enerji böhranı Azərbaycana necə təsir edəcək? 

Azərbaycan regional bazarlar üçün ən vacib təyyarə yanacağı istehsalçılarından biridir. Hazırda Bakıdakı əsas neft emalı müəssisəsi Heydər Əliyev Adına Neft Emalı Zavodunda modernləşdirmə aparılır. Məqsəd təyyarə yanacağı istehsalını illik 1 milyon tona çatdırmaq və Avropa standartına keçməkdir. Yəni dünyada bir çox aviaşirkətlər aviasiya yanacağı çatışmazlığından əziyyət çəksə də, Azərbaycan bundan əziyyət çəkmir. 

Deputat Vüqar Bayramov bildirib ki, Aİ-95 markalı benzinin qiyməti bazar tərəfindən müəyyənləşdirilib və birbaşa xərclərin necə dəyişməsindən asılı olacaq:

“Hələlik təbii ki, o xərclərdə xüsusi artımlar müşahidə olunmur. Əgər xərclərdə xüsusi artım müşahidə olunması bu qiymətlərdə özünü göstərə bilər. Amma nəzərə alsaq ki, Aİ-95 markalı benzinin qiyməti müəyyənləşdirilməsində dövlətin xüsusi müdaxiləsi yoxdur, Tarif Şurası tərəfindən bu qiymət tənzimlənmir. Ona görə də növbəti mərhələdə qiymətin necə dəyişməsi birbaşa şirkətlərin və bazarın müəyyənləşdirdiyi tarazlıqdan asılı olacaq".

Xatırladaq ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 2024-cü ildə 2 manatdan 1 manat 60 qəpiyə enib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da yaranan vəziyyətlə bağlı həyəcan təbili çalır. Qlobal iqtisadiyyatın böyümə proqnozu 3,1%-ə endirilib. Əgər Hörmüz boğazında uzanma olsa, iqtisadi tənəzzül qaçılmaz olacaq. Hətta müharibə dayansa belə təsirləri uzun müddət davam edəcək. Qırılan logistika zəncirlərini bərpa etmək illər alacaq. 

Vüqar Bayramov qeyd edib ki, qlobal iqtisadiyyatın daha az fəsadla bu indiki dövrdən çıxması üçün ən məqbul yol Hörmüz boğazı ətrafında razılığın əldə edilməsidir:

“Əgər Hörmüz boğazında çətinliklər və məhdudiyyətlər qalarsa, 2026-cı ildə qlobal iqtisadiyyatda artım proqnozlaşdırılandan daha az olacaq”.

Əlaqəli Xəbərlər