Menyu

Azərbaycan millisinin qapıçısı Qazaxıstanla oyunda iştirak etməyəcək - SƏBƏB

Operativ Media
Azərbaycan millisinin qapıçısı Qazaxıstanla oyunda iştirak etməyəcək - SƏBƏB

"Gürcüstan yığması ilə ilk oyunda şanslarımızdan düzgün istifadə etsəydik, nəticə fərqli ola bilərdi".

Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan futzal millisinin təcrübəli qapıçısı Rövşən Hüseynli deyib.

O, komandanın son çıxışı və şəxsi planları ilə bağlı danışıb.

Milli komandanın yeni formalaşmış və əsasən yerli futbolçulardan ibarət heyətini yüksək qiymətləndirən qapıçı, son oyunların perspektiv vəd etdiyini bildirib:

"Yerli oyunçulardan təşkil olunmuş yeni heyətin Gürcüstana qarşı oyunları son dövrlərdə keçirdiyimiz ən yaxşı matçlar idi. Bu, yerli futbolçuların birlikdə daha çox oynadıqca inkişaf etdiyini və prosesin müsbətə doğru getdiyini göstərir. Hər iki qarşılaşmada epizodlarda üstün tərəf biz idik. Hətta ilk oyunda şanslarımızdan düzgün istifadə etsəydik, nəticə fərqli ola bilərdi".

Rövşən Hüseynli komandanın zəif tərəflərinə də toxunaraq, əsas problemin qol epizodlarını dəyərləndirə bilməmək olduğunu vurğulayıb: "Hazırda ən böyük çatışmazlığımız yaradılan imkanları qola çevirə bilməməyimizdir. Müəyyən fərdi səhvlər olsa da, bunlar inkişaf dövrü ilə bağlıdır və zamanla aradan qaldırılacaq".

Hazırda Bakıda olan qapıçı şəxsi həyatındakı yeniliklə əlaqədar Qazaxıstanla oyunda iştirak etməyəcəyini açıqlayıb:

"Dünən oğlum dünyaya gəlib. Bu xoş xəbəri Gürcüstandan Bakıya qayıdarkən hava limanında öyrəndim. Məşqçilər heyəti ilə danışmışam, bu səbəbdən komandanın Qazaxıstan toplanışına qoşulmamışam".

Rövşən Hüseynli qarşıdakı oyun barədə danışarkən ardıcıl matçların fiziki yorğunluq yarada biləcəyini, lakin komanda yoldaşlarının əlindən gələnin ən yaxşısını edəcəyinə inandığını qeyd edib.

Əlaqəli Xəbərlər