Yeni dəmir yolu stansiyaları hansı ərazilərdə olacaq?
“Xüsusilə son dövrlərdə dəmir yolu sistemində baş verən yeniliklər və planlaşdırılan inkişaflar çox maraqlıdır. Son üç-dörd ili nəzərə alsaq, pandemiyadan əvvəl də müəyyən dəyişikliklər həyata keçirilib. O cümlədən yeni qatarlar alınıb və sərnişin daşımalarında bir sıra təkmilləşdirmələr aparılıb”.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “İTV”yə danışıb:
“Pandemiya dövründə bəzi fasilələr olsa da, 2023-cü ildən etibarən həm dairəvi, həm də rayonlararası marşrutlarda sərnişin daşımaları tam şəkildə bərpa edilib və təkmilləşdirilmişdir. Hər il müşahidə olunur ki, artıq qatarlar daha çox rayon və Bakı ətrafı qəsəbələri əhatə edir.
Xüsusilə qeyd etmək olar ki, 2025-ci ildə 30 ildən sonra Ağdam qatarı üzrə sərnişin daşımaları bərpa olunub. Bu, böyük tarixi hadisə və zəfər nəticəsi idi. Eyni zamanda Ağstafa qatarı Qazaxa qədər uzadıldı, Bakı-Balakan marşrutu 2025-ci ilin əvvəlində istifadəyə verildi.
Region daxili marşrutlarda da inkişaf müşahidə olunur. Məsələn, bu ilin yanvarında Gəncə-Qəbələ marşrutu fəaliyyətə başlayıb. Bu marşrutda sərnişinlər artıq Bakıdan çıxaraq bir qatardan digərinə keçməklə müəyyən istiqamətə səyahət edə bilirlər.
Məsələn, səhər saatlarında Bakıdan çıxan sərnişin Ləki stansiyasında 10:50-də enir. Təxminən 20 dəqiqə sonra Gəncə-Qəbələ qatarına minib Qəbələyə gedir. Beləliklə, sərnişin yalnız bir bilet ilə Bakıdan Qəbələyə qədər səfər edə bilir. Bu yanaşma dünya təcrübəsində də geniş tətbiq olunur və sərnişin rahatlığını artırır.
Ümumilikdə, dəmir yolu sistemində son illərdə çoxsaylı yeniliklər həyata keçirilib və bu tendensiya davam etdirilir”.
Ətraflı videoda: