Pakistan Hindistan diplomatını statusuna uyğun olmayan fəaliyyətə görə ölkədən çıxaracaq
Əziz Əzizli
Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun olmayan fəaliyyəti səbəbindən "persona non grata" elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı press-relizdə məlumat verilib.
Bildirilib ki, bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qorumaq öhdəliyini əks etdirir.
Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq demarş təqdim olunub.
Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşının 24 saat ərzində Pakistanı tərk etməsi tələb olunub. Bu qərar Hindistanın çərşənbə axşamı Pakistanın Yeni Dehlidəki səfirliyinin əməkdaşını diplomatik statusuna uyğun olmayan fəaliyyətinə görə "persona non grata" elan etməsinə cavab olaraq qəbul edilib.