Kadr Bankı dövlət və özəl qurumlar üçün geniş imkanlar yaradacaq
“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankı üçün artıq 45 dövlət qurumu müraciət edib.
Operativ Media xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının təqdimatından sonra jurnalistlərə açıqlamasında deyib.
F.Hacıyev Kadr Bankının dövlət və özəl qurumlar üçün geniş imkanlar yaradacığını da əlavə edib.
"Kadr bankında profili yaradılan hər bir şəxsin idarəetmə bacarıqları barədə məlumatlar da yer alıb. Bu, tək məlumat bazası deyil, həm də qarşılıqlı mübadilə platformasıdır. Yəni dövlət qurumları, özəl şirkətlər burada öz aktiv vakansiyalarını yerləşdirə biləcək, eyni zamanda, öz maraqlarına və tələblərinə uyğun kadr axtarışı da həyata keçirə biləcəklər”, deyə o bildirib.
Qeyd edək ki, Kadr Bankı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamını icra etmək məqsədilə yaradılmışdır.
“Yüksəliş” müsabiqəsi nəticəsində seçilmiş bacarıqlı, yüksək potensiala malik və idarəetmə sahəsində inkişaf etmək istəyən şəxsləri bir araya toplamaq, həmçinin dövlət və özəl sektor qurumları üçün istedadlı kadrların axtarışını daha səmərəli və əlçatan etməkdir.
Kadr Bankına ilkin giriş yalnız dövlət sektorundakı mərkəzi icra hakimiyyəti orqanlarına və özəl sektorda baş ofisi olan qurumlara verilir. Bu qurumların tabeliyindəki alt strukturların platformaya daxil olması yalnız aidiyyəti orqanın rəsmi müraciəti əsasında mümkün olur.