Azərbaycanda kartof niyə bahalaşıb?
Son zamanlar xüsusilə son bir ayda Azərbaycanda ikinci əsas qida məhsulu hesab edilən kartofun qiyməti kəskin artıb. Bazarda demək olar ki, kiloqramı 1 manat 30 qəpikdən aşağı olan kartof tapmaq mümkün deyil. Eyni zamanda, məhsulun qiymətinin yüksək olmasına baxmayaraq, keyfiyyəti yetərincə yaxşı deyil. Vətəndaşlar kartofun bahalığından və qiymətinə nisbətən keyfiyyətinin aşağı olmasından şikayətlənirlər.
Bəs son bir ayda kartofun bu dərəcədə bahalaşmasının səbəbi nədir?
Məsələ ilə bağlı Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhəmmədov “Operativ Media”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir:
“Azərbaycanda kartof məhsuluna olan tələbatı ödəyə bilmir. Ölkə üzrə illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən müəyyən edilən normaya əsasən adambaşına illik 107 kiloqram kartof düşməlidir.
Son illərdə Azərbaycanda kartof istehlakı artıb. Bunun əsas səbəbi ət və süd məhsullarının qiymətlərinin kəskin bahalaşmasıdır. Nəticədə əhali daha çox kartof almağa üstünlük verir və kartofa olan tələbat sürətlə artır. Burada həm ərzaq kartofu, həm də toxum materialı kimi istifadə edilən kartof nəzərdə tutulur. Hazırda ölkədə cəmi 998 min ton kartof istehsal edilir ki, bu da tələb olunan həcmdən xeyli azdır. Əvvəlki illərdə Azərbaycan əsasən Rusiyadan kartof idxal edirdi. Lakin son zamanlar Rusiyada kartofun qiymətinin artması və ixrac imkanlarının məhdudlaşması səbəbindən ölkəyə Rusiyadan kartof gətirilmir. Üstəlik idxal bəzi şəxslərin nəzarətində cəmləşdiyi üçün onlar qiymətləri süni şəkildə artırırlar. Bu hazırda bazarlarda aydın şəkildə müşahidə olunur. Son illərdə Azərbaycanda kartof əkilən sahələr də əhəmiyyətli dərəcədə azalıb. Əgər 2005-ci ildə 70 min hektar ərazidə kartof əkilirdisə, indi bu göstərici 45 min hektara düşüb. Bu təxminən iki dəfə azalma deməkdir. Həmçinin əvvəllər ölkədə 1 milyon 200 min ton kartof istehsal olunurdusa, indi bu rəqəm 1 milyona belə çatmır. Bununla yanaşı, son 15 ildə Azərbaycan əhalisi artıb və istehlak tələbi yüksəlsə də, istehsal geriləyib.Kartofun məhsuldarlığı da aşağı düşüb ki, bu da maya dəyərinin artmasına səbəb olur”.
Ekspert bildirib ki, bu problemləri həll etmək üçün bəzi vacib addımlar atılmalıdır:
İlk olaraq ölkə keyfiyyətli toxum istehsal etməlidir: “Azərbaycanda kartof toxumu demək olar ki, istehsal edilmir və tələbatı ödəmək üçün kifayət deyil. Yerli toxum istehsalının genişləndirilməsi vacibdir”.
Ölkədə suvarma problemlərinin həll edilməlidir: “Kartof suya çox tələbatı olan bitkidir. Son dövrlərdə suvarma problemləri səbəbindən məhsuldarlıq aşağı düşür. Suvarma sistemlərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi bu problemin həllinə kömək edə bilər”.
Bazara çıxış imkanlarının yaxşılaşdırılmalıdır: “Yay aylarında xüsusilə Cəlilabad rayonunda kartof istehsalı yüksək olsa da, fermerlər məhsullarını bazara çıxara bilmir nəticədə kartof sahədə çürüyür. Fermerlərin bazarlara çıxışını asanlaşdırmaq üçün logistika şəbəkəsi təkmilləşdirilməlidir”.
Saxlama şəraitinin təmkinləşdirilməlidir: “Fermerlər arasında kartofun uzun müddət saxlanıla bilməyəcəyi barədə yanlış fikirlər var. Halbuki inkişaf etmiş ölkələrdə xüsusi soyuducu anbarlarda kartof aylarla saxlanılır və keyfiyyətini itirmir. Azərbaycanda isə anbar çatışmazlığı ciddi problem olaraq qalır. Hər il ölkədə kartofun 20-30%-i saxlama zamanı, 10%-i isə sahədə xarab olur. Yəni ümumilikdə 40%-ə qədər məhsul itkisi yaşanır. Bu itkini azaltmaqla ölkənin daxili tələbatının əhəmiyyətli hissəsi qarşılamımış olar”.
İqtisadçı Xalid Kərimli bildirib ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən ərzaq qiymətlərinin artımına əsasən meyvə və tərəvəzlərin bahalaşması təsir edir: "Tərəvəzlər təkcə yanvar ayında əvvəlki ayla müqayisədə 4 faiz, meyvələr isə 2.1 faiz bahalaşıb. Tərəvəzin bir ay ərzində 4 faiz bahalaşması ciddi məsələdir.
Bu bahalaşmanın bir neçə səbəbi var. Ötən ilin ikinci yarısında dizel yanacağı və benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb olub. Bu ilin yanvar ayında qazın və minimum əməkhaqqının artması isə sahibkarların xərclərini daha da yüksəldib. Hazırda bazara çıxarılan məhsulun əsas xərcləri daxili istehsal, nəqliyyat və idxalla bağlıdır. Benzin və yanacağın qiymət artımı məhsulun bazarda daha bahalı satılmasına səbəb olur.
Eyni zamanda qonşu ölkələrdə də qiymət artımları da prosesə təsir edir. Azərbaycana İran, Rusiya və Türkiyədən kartof ixrac olunur. Bu ölkələrdə inflyasiya və alış-satış qiymətlərinin artması yerli bazara da təsir göstərir".
İstisadçı bu ilin sonunadək tərəvəz qiymətlərinin ötən ildən daha yüksək olacağını vurğulayıb:
"Hazırda kartofun qeyri-sezon dövrüdür. Bu qiymətlər əsasən qeyri-sezon qiymətlərinə uyğundur. Mart və aprel aylarında sahədən məhsul tədarük edilmir. Tələbatın yüksək olması səbəbindən daha çox anbarlardakı məhsullar bazara çıxarılır. Tələb və təklif balansı isə qiymətə birbaşa təsir edir. Yay fəsli yaxınlaşdıqca yeni məhsullar bazara daxil olacaq və qiymətlərdə dəyişiklik gözlənilir. Lakin ümumi tendensiya onu göstərir ki, bu il tərəvəz qiymətləri ötən ildən daha yüksək olacaq".