Fransa klubu baş məşqçisi ilə yollarını ayıracaq
"Tuluza"nın baş məşqçisi Karles Martines 2025/26 mövsümü başa çatdıqdan sonra komandanı tərk edəcək.
Operativ Media xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi məlumatda bildirilir.
41 yaşlı ispaniyalı mütəxəssis ilk olaraq 2023-cü ildə Filipp Montanyenin köməkçisi kimi "Tuluza"ya qoşulub, 2023/24 mövsümündə isə fransalı həmkarını baş məşqçi postunda əvəz edib. Martinesin hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. İspaniyalı məşqçinin rəhbərliyi altında keçirdiyi 118 matçda Fransa təmsilçisi 42 qələbə qazanıb, 30 dəfə heç-heçə edib və 46 məğlubiyyətlə üzləşib.
Hazırda "Tuluza" Fransa çempionatında 31 oyundan sonra topladığı 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Qeyd edək ki, Martines daha əvvəl bir neçə İspaniya klubunda, həmçinin "Əl-Rayan" və "Küveyt" komandalarında qapıçılar üzrə məşqçi və fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb, eləcə də "Barselona"nın U-16 komandasına rəhbərlik edib.