Əmək müqavilələrinin artıq 97 faizi e-qaydada bağlanılıb
Əmək münasibətləri və məşğulluq sahəsində rəqəmsal alətlərin tətbiqi son illər əhəmiyyətli dərəcədə genişlənib.
Operativ Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə bildirib.
Nazir qeyd edib ki, son illər istifadəyə verilmiş ƏMAS platforması işəgötürənlərlə işçilər arasında elektron əmək müqavilələrinin bağlanılmasını təmin edir, rəqəmsal kadr uçotu sisteminin təşkilinə imkan yaradır. Qüvvədə olan əmək müqavilələrinin artıq 97 faizi elektron qaydada bağlanılıb.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan sosial islahatların nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdıran Anar Əliyev özünüməşğulluq proqramının icrası işlərini, indiyədək 112 min nəfərin bu proqramla əhatə olunduğunu deyib. O, Nazirlik tərəfindən qeyd edilən dövrdə 175 peşə-ixtisas sahəsi üzrə 59 mindən çox şəxsin peşə hazırlığına cəlb edildiyini bildirib.
Qeyd edib ki, dövlət tərəfindən əmək bazarının inkişafına, habelə sahibkarlığa dəstək məqsədilə 2020-ci ildən icra edilən əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı əsasında 1585 müəssisə ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində 5 mindən çox şəxsin məşğulluğu təmin edilib, onların əməkhaqqının bir hissəsi dövlət tərəfindən maliyyələşdirilib.
2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi tərəfindən işəgötürənlərlə birlikdə iş yerlərinin attestasiyası həyata keçirilir, əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər təşkil olunur. Ölkənin bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən təlim və maarifləndirmə tədbirləri işəgötürənlərin bu sahədə bilik və bacarıqların artırılmasına mühüm töhfə verir. “DOST Müfəttiş” layihəsi üzrə isə işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə diaqnostik qiymətləndirmələr aparılır, boşluqlar aşkar edilir, onların aradan qaldırılması üçün tövsiyələr verilir, təlim və konsultasiyalar təşkil olunur.
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini qeyd edən Anar Əliyev diqqətə çatdırıb ki, işəgötürənlərin, işçilərin və hökumətin nümayəndələrini bir araya gətirən, mühüm sosial dialoq platforması olan Komissiya əmək və məşğulluq, əmək miqrasiyası, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması və digər tədbirlərin həyata keçirilməsində iştirak edir.
Nazir son illər əmək münasibətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi istiqamətində aparılmış mühüm islahatlar çərçivəsində Əmək Məcəlləsinin 150-dən çox maddəsinə, digər normativ hüquqi aktlara 500-ə yaxın dəyişiklik edildiyini deyib.
Bildirib ki, əmək qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində də yeni dəyişiklik layihələri də hazırlanır. Bu layihələr bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının təmin edilməsi, saatlıq əməkhaqqı modeli, əməkhaqqı ödənişlərinin ƏMAS üzərindən həyata keçirilməsi, əmək münasibətlərində ayrı-seçkiliyin qarşısının alınması, məzuniyyət normalarının təkmilləşdirilməsi, əməyin mühafizəsi və təhlükəsizliyinin gücləndirilməsi, eləcə də uşaq hüquqlarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir.