Menyu

Azərbaycanın dövlət siyasətində multikulturalizm və tolerantlığın rolu

Nərmin Qocamanlı
Azərbaycanın dövlət siyasətində multikulturalizm və tolerantlığın rolu

Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində zəngin tarixi və müasir dövrdəki inkişafı ilə tanınan bir ölkədir. Ölkəmizdə müxtəlif etnik və dini qrupların əsrlər boyu bir arada yaşaması, həmçinin qarşılıqlı hörmət və anlayış prinsiplərinin qorunması, Azərbaycan cəmiyyətinin ən mühüm xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətlər həm daxili sülhün və stabilliyin təmin olunmasında, həm də beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynayır. Dini və milli tolerantlıq yalnız Azərbaycanın tarixində deyil, həm də müasir dövrdəki inkişafında təməl bir prinsipi təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrdə öz çıxışlarında multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Azərbaycanın dini və milli tolerantlıq ənənələri çox qədimlərə dayansa da, müasir dövrə gəldikdə bu anlayışlar ölkəmizin sosial və mədəni həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın coğrafi mövqeyi, müxtəlif mədəniyyətlər və dinlər arasında bir körpü rolunu oynamasına imkan yaratmışdır. İslam, xristianlıq və digər dini inanc sistemlərinin burada qarşılıqlı hörmət və sülh şəraitində mövcudluğu, Azərbaycanın tolerant və çoxmədəniyyətli cəmiyyət qurma yolunda önəmli bir faktordur.

Ölkəmizdə müxtəlif etnik qruplar uzun illərdir bir yerdə yaşayır və bir-birinin mədəniyyətinə hörmətlə yanaşır. Bu müxtəliflik Azərbaycanın sosial strukturunun zənginliyini və gücünü artırır. Azərbaycanda dini və milli azlıqların öz mədəniyyətlərini sərbəst şəkildə yaşamaqları və ifadə etmələri, tolerantlıq və anlayış mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir.
 

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri f.f.d., dos. Anar Qafarov Operativ Media-ya bildirib ki, ölkəmizdə tolerantlığın təşəkkül və inkişafında bir neçə faktorun rolu var:

"Günümüzdə fərqli qrup, camaat, irq, dil, etiqad, mədəniyyət, məzhəb və təriqətləri ehtiva edən mədəni müxtəlifliyin bir çox ölkə və cəmiyyətləri birgəyaşayış baxımından həll edilməsi o qədər də asan olmayan bir mənzərə ilə üz-üzə qoyduğu müşahidə edilir. Belə ki, mədəni müxtəliflik, demokratiya, insan hüquqları və azadlığı istiqamətində aparılan bir çox müzakirə və mübahisələrə baxmayaraq, mövcud olduğumuz planet hələ də müharibə, zorakılıq, zülm, ədalətsizlik, yadlaşdırma, ayrı-seçkilik, bərabərsizlik, mariginallaşdırmaya əsaslanan mənfi hallar və münasibət formaları ilə çalxalanır. Milli-mədəni tariximizə nəzər saldıqda, müşahidə edirik ki, ölkəmizdə tolerantlığın təşəkkül və inkişafında coğrafi, kultural, etnik, iqtisadi-siyasi, dini və fəlsəfi-ürfani olmaqla, bir neçə faktorun rolu var.

Belə ki, qədim dövrlərdən etibarən, müxtəlif dinlərin və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan tarixi, zəngin mədəni irsi və strateji coğrafi mövqeyi ilə fərqli mədəniyyətlərin, dinlərin və etnik qrupların birlikdə mövcud olduğu bir ölkədir. Bu ərazidə Zərdüştlük, Yəhudilik, Xristianlq və İslam kimi dinlər yayılmış və geniş vüsət tapmışdır. Bu reallıq sayəsində ölkəmizdə birgəyaşayış və tolerantlıq ənənələri dərin kök salmış və milli kimliyimizin formalaşmasında mühüm rol oynamışdır.

Etnik amilə gəlincə söyləyə bilərik ki, tarixboyu Azərbaycan xalqı mülayimxasiyyətli və ifrat meyillərdən uzaq olmuşdur. Azərbaycan xalqının dinə baxışı digərləri ilə müqayisədə fərqlidir. Xalqımızın dini görüşündə əsas məsələ – etiqadda Tanrıya inanıb-inanmamaq, əməldə mənəvi-əxlaqi dəyərlərə riayət edib-etməməkdir. Belə bir etnik xüsusiyyətlərdən irəli gələrək, Azərbaycan xalqı şəriətlə bağlı təfsilatlara dərindən varmayıb, daha çox əxlaqi cəhətlərə əhəmiyyət verir. Bu da xalqımızın digər dinlərin və məzhəblərin nümayəndələrinə qarşı tolerant münasibət bəsləməsinə ictimai və mənəvi zəmin yaradıb və hazırda da bu ənənə davam edir".

Anar Qafarovun sözlərinə görə, multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin əsas ənənələrindən biri kimi qəbul edilir:

"Sevindirici haldır ki, ölkəmizdə multikultural mühit bu gün də öz mövcudluğunu qoruyur. Bu zənginlik ölkəmizin ictimai-siyasi həyatında, eləcə də dövlətin konstitusional və hüquqi sistemində öz əksini tapır. Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin əsas ənənələrindən biri kimi qəbul edilir və bu dəyərlər dövlət səviyyəsində dəstəklənir. Bu mənada, Azərbaycan Respublikasının Konstitusiyasının 18, 25, 47, 48, 49 və 71-ci maddələrində dövlət-din münasibətlərinə və dini etiqad azadlığı məsələlərinə dair qanuni əsaslar təsbit edilmişdir.

Dövlətin multikulturalizm və din siyasəti sahəsində xüsusilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kolleci, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanlar İdarəsinin fəaliyyətləri qeyd edilməlidir. Bu qurumlar və din sahəsində ali və orta təhsil verən tədris müəssisələri ölkədə multikulturalizm, dinlər və mədəniyyətlərarası münasibətlər sahəsində yerli və beynəlxalq əməkdaşlıqların, konfrans və təlimlərin təşkilində yaxından iştirak edir, bu mənada qanunvericilikdən irəli gələn prinsip və öhdəliklərin icrasını həyata keçirirlər. Azərbaycan hökuməti multikulturalizm, tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Ölkəmiz son 10 ildə bu sahədə bir çox beynəlxalq və regional konfrans, forum və simpoziumlar təşkil edib, beynəlxalq qurumların iştirakı ilə keçirilən tədbirlərə ev sahibliyi edib. Bu mənada, mədəniyyətlərarası dialoq və tolerantlığın təbliği məqsədlərinə xidmət edən “Bakı Bəyannaməsi” və “Bakı prosesi” Azərbaycanın multikulturalizmə və onun dəyərlərinə göstərdiyi müsbət münasibətin iki mühüm bariz nümunəsidir".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Operativ Media-ya Azərbaycannın dini və milli tolerantlıq sahəsindəki dövlət siyasətindən danışıb:

O, bildirib ki, Azərbaycanın tarixinə nəzər salanda görürük ki, bu tarixi inkişafın ortasında bir xətt qırılmazdır: Bu coğrafiyada azərbaycanlıların müxtəlif etnik topluluqlara, millətlərə və xalqlara dini etiqadlarına böyük ehtiramla yanaşmalarıdır. Bu yanaşmanı göstərən bir çox fakt mövcuddur, lakin ən başlıcası budur ki, məhz müxtəlif ölkələr tərəfindən ciddi münaqişələrə məruz qalan millətlər, məsələn, yahudilər, habelə malakanlar, ruslar, ukraynalılar və digər xalqlar burada sülh və əmin-amanlıq tapıblar.

Biz bunu milli sərvətimiz saymalıyıq, çünki xarici dairələr ötən onilliklər ərzində nə qədər dini ayrı-seçkilik, qarşıdurmalar, məzhəb davaları və radikal birləşmələrin bu və ya digər formalarını bizə transfer etməyə cəhd göstərsələr də bu proseslər sonrakı dövrdə inkişafını tapa bilməmişdir. Azərbaycan müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət və anlayışla yaşadığı bir yerdir. Hər bir dinin təmsilçiləri burada öz inanclarını, ayinlərini və rituallarını sərbəst şəkildə yerinə yetirə bilirlər. Minlərlə məscid, kilsə və digər ibadət yerləri bunu sübut edir. Həmçinin, burada yaşayan bütün xalqlar müqəddəs kitablarına və dini təlimlərinə uyğun şəkildə həyatlarını davam etdirirlər.

Bunu xüsusi vurğulamaq lazımdır ki, dünyada bəzi ölkələrdə, məsələn, Fransada, Almaniyada, bəzi qərb dövlətlərində islamofobiya və dini ayrı-seçkilik hallarına tez-tez rast gəlirik. Bu hadisələr dözümsüzlük və xarici təzyiqlərdən qaynaqlanır. Lakin Azərbaycanda dövlət-hakimiyyət sistemi bu prosesi təşviq edir və müxtəlif dini inanc sahiblərinə qarşı heç bir iqtisadi, sosial və ya digər formalarla təzyiq göstərilmir. Biz həmçinin, islamı terrorizm ilə əlaqələndirən və ya İŞİD-in bayrağını islam bayrağı ilə qarışdıran qərəzli təbliğatlara da qarşı dururuq.

Azərbaycan dinlərarası və millətlərarası harmoniyanı dözümlü münasibətləri özünün ən böyük sərvətləri hesab edir. Bu harmoniyanın qorunması ölkəmizin sülh və sabitlik mühitində yaşamasını təmin edir".

Milli Məclisin deputatı Ceyhun Məmmədov Operativ Media bildirib ki, Azərbaycanda tolerantlıq və multikulturalizm ən yüksək səviyyədədir: Ölkəmizdə din sahəsinə böyük diqqət göstərilir. Təkcə dinlərin toxunulmazlığı təmin olunmur, eyni zamanda etiqad azadlığı qorunur və dini icmalara dəstək verilir. 

Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir. Tolerantlıq və multikulturalizmin Azərbaycanda dərin kökləri var və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sonrakı dövrdə Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirib.

Azərbaycanda yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərə mənsub insanlar birlikdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Həmçinin ölkədə yaşayan müxtəlif xalqlar və məzhəblər arasında da harmoniya hökm sürür.

Bu gün Azərbaycanın həyata keçirdiyi bu siyasət nəticəsində ölkəmiz dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən birinə çevrilib.

Dövlətimiz bu dəyərlərin qorunması üçün ardıcıl addımlar atır və bu yanaşma dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində gördüyü işlər digər dövlətlər tərəfindən də təqdir olunur. Bu da ölkəmizdə bu dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verir".


Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində zəngin tarixi və müasir dövrdəki inkişafı ilə tanınan bir ölkədir. Bir müddət əvvəl Fələstin əsilli İsrail vətəndaşı, kontent yaradıcısı və videobloger Nuseir Yassin-nin (Nas Daily) Azərbaycanla bağlı öz sosial şəbəkə hesabında etdiyi paylaşım da buna nümunə ola bilər.

Burada qeyd olunub ki, Azərbaycanda 30 mindən çox yəhudi və 10 milyon müsəlman var və onlar sülh içində yaşayırlar. 
 

 

mediad%C4%B1in.jpg

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

 

@nasdaily The Country of Coexistence Hello from a country you've never been to...but totally should. Thank you @Aija Mayrock ♬ original sound - Nas Daily

Teqlər:

"Az\u0259rbaycan\u0131n d\u00f6vl\u0259t siyas\u0259tind\u0259 multikulturalizm v\u0259 tolerantl\u0131\u011f\u0131n rolu"

Əlaqəli Xəbərlər