Pakistan ən çətin anlarda Azərbaycanın yanında olub - ŞƏRH
“Azərbaycan-Pakistan əməkdaşlığı və dostluğu bu gün dünya ölkələri üçün nümunədir. Çünki bu dostluq tarixi köklərə əsaslanır. Azərbaycan, Pakistanla yalnız iqtisadi, siyasi və mədəni əlaqələrini inkişaf etdirmir, həmçinin xalqların dostluğu, mənəvi amillər də bu dostluğu möhkəmləndirir”.
Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev deyib.
“Pakistan ən çətin anlarda Azərbaycanın yanında olub. İstər torpaqlarımızın işğal altında olduğu dövrlərdə, istər müharibə günlərində, istərsə də bu gün Azərbaycanın haqlı mübarizəsinə dəstək verib.
Bizim hərbi müdafiə sahəsində əlaqələrimiz güclüdür və möhkəmdir. Bu əlaqələrin möhkəmləndirilməsi, milli müdafiə qüdrətimizin artırılması üçün çox vacibdir.
Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də, sözsüz ki, əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə yönəlmişdir. Çünki hər iki dövlət daimi olaraq sistemli şəkildə əlaqələr qurur. Vacib olan problemlər gündəmə gətirilir və onların aradan qaldırılması üçün səylər göstərilir.
Azərbaycan prezidenti İlham Əliyev Pakistanla əlaqələrin möhkəmləndirilməsinə çox böyük önəm verir. Bu əməkdaşlığın faydalı olduğunu dəfələrlə qeyd etmişdir və Pakistan dövlətinin dəstəyini yüksək qiymətləndirmişdir. Şahbaz Şərifin ölkəmizə bu dəfəki səfəri də sözsüz ki, uğurlu olacaqdır. Gündəmə gətirilən məsələlər və imzalanan sənədlər gələcəkdə iki ölkənin inkişafına milli maraqlarına uyğun olacaq.
Və bu milli maraqların qorunması gələcək üçün böyük önəm kəsb edir. Çünki Pakistan da müəyyən illərdir Hindistanla bəzi problemlər yaşamış və bu gün də həmin problemlər mövcuddur. Pakistan Baş nazirinin Azərbaycana səfəri də bu əməkdaşlığın daha da gücləndirilməsi, əlaqələrin daha möhkəmləndirilməsi və xalqların daha yaxınlaşması və birgə mübarizə aparmalarına xidmət edir.
