İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid” dizinin çarpaz bağlarından zədə aldığı üçün bu mövsüm bir daha meydana çıxa bilməyəcək ispan müdafiəçi Dani Karvahala əvəzləyici axtarmır.
"Operativ Media" "El Chiringuito"ya istinadən xəbər verir ki, kral komandası bu vəzifədə Lukas Vazkesə tam güvənir və daha bir oyunçu itirməsə, yanvarda transfer bazarına girməyəcək.
Karvahal İspaniya çempionatının 9-cu turunun "Vilyarreal"la oyununda zədələnib. Onu xərəklə meydandan çıxarıblar. Həmin matçda "Real" 2:0 hesabı ilə qalib gəlib.
Bundan sonra "Real Madrid" 32 yaşlı ispan futbolçu ilə müqaviləni 2026-cı ilə qədər uzadıb. Əvvəlki müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.
karvahal cari mövsümdə bütün yarışlarda 11 matçda iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun transfer dəyərini 12 milyon avro qiymətləndirir.