Göllərin satılması qanunidir? - EKSPERTDƏN AÇIQLAMA
Elan saytlarında rast gəlinən müxtəlif növ daşınmaz əmlaklar arasında göl satılması elanları da var. Bu göllər xüsusilə balıqçılıq məqsədilə istifadə olunur.
Maraqlıdır, respublika daxilində hər hansısa göllərin satışı qanunidir?
Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya bildirib ki, bu tip biznes sahələrinin satılması qanunauyğun formadadır:
"Göllər müxtəlif formalarda olur. Bəzi göllər rəsmi qurumlar tərəfindən dövlət balansında olur, yəni təbii sərvət kimi qeydə alınır. Bir də süni formada yaradılan göllər var. Vətəndaş biznes baxımından şəxsi torpağında göl formasında balıqçılıq sahəsi yaradıb, inkişaf etdirib və öz biznesini qurub. Yaxud vətəndaş dövlətdən həmin torpaq sahələrini icarəyə götürərək ora investisiya yatırıb və hansısa bir biznes sahəsi yaradıb. Təbii ki, istənilən götürülmüş torpaq üzərində aparılan tikinti, quruculuq, biznes və ya digər işlər aidiyyəti qurumlar tərəfindən razılaşdırıldıqdan sonra fəaliyyətə başlayır. Həmçinin bu tip bizneslərin satılması qanunauyğun formadadır. Həmin ərazi vətəndaşın özəl mülkü və yaxud dövlət torpaqları olsa da, həmin torpaqları dövlətdən uzunmüddətli olaraq icarəyə götürüb hər hansı bir biznes mühiti yaradaraq başqasına sata bilər".
Ekspert qeyd edib ki, satış zamanı da həmin icarə hüququnun bir şəxsdən digər şəxsin adına keçilməsi prosesi qanuna uyğun şəkildə aparıla bilər".
Sevinc İbrahimzadə