"Bayer” Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik”.
"Operativ Media" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniya klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib. Təcrübəli oyunçu Portuqaliya təmsilçisi “Braqa” ilə əvvəlki raunddakı qarşılaşmanı xatırlayıb: “Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nəriman Axundzadənin boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidir”.
Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb: “Klub üçün çəkilən film mənim xoşuma gəldi. Hər kəs “Qarabağ”ın mahiyyətini görməlidir. Bu, oyunçulara yaxşı motivasiya verdi”.
Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub: “Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir. Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar”.
Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq