Menyu

Sosial mediada uşaqların əməyi necə istismar edilir?

Nərmin Qocamanlı
Sosial mediada uşaqların əməyi necə istismar edilir?

Bir çox valideyn övladından PR məqsədi kimi istifadə edir. Söhbət həyatımızın bir parçasına çevrilən sosial mediadan gedir. Burada əksər valideynlər öz uşaqları ilə birlikdə canlı yayım açırlar. Digər hallarda isə uşaqlar artıq kiçik yaşlarında olmasına baxmayaraq, sosial media fenomeninə çevrilir. Yəqin ki, bir çoxlarına uşaq bloqer ifadəsi tanışdır. Hələ kiçik yaşlarından cəmiyyətlə dialoqda olmaq asosiallığın qarşısını almaqda əsas faktorlardan biri hesab edilir.

Bəs uşaqların qavrayışı hələ doğru-düzgün formalaşmamış bu cür addımların atılması nə qədər doğrudur?

Mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq poblemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, bu cür uşaqların gələcəkdə gərginlik, aqressiya və s. kimi problemləri ola bilər:

"Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. İnternetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu öz müsbət tərəfləri ilə yanaşı saysız-hesabsız zərərli informasiyaların da əlçatanlığını təmin etmiş oldu. Bu isə özlüyündə internet istifadəçilərinin ən həssas qrupu olan uşaq və yeniyetmələr arasında kibertəhlükəsizliyin təmin edilməsi prosesinin daha mütəşəkkil olaraq təşkilini labüt edir. Zərərli informasiyalar, geniş vüsət almış təhlükəli oyunlar, eləcə də, son zamanlar uşaqlar və ya onların valideynləri tərəfindən sosial şəbəkələrdə açılan canlı yayımlarda yetkinlik yaşına çatmayanların yaş həddinə uyğun olmayan mövzularda söhbətlərə cəlb edilməsi uşaqlarda tədricən psixoloji gərginlik, aqressiya və təhsildən yayınma kimi hallarla müşahidə olunur".

G. Nağdəliyeva xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur:

"Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Buradan belə nəticəyə gəlirik ki, bütün valideynlər uşaqlarının hüquq və mənafelərinin müdafiə edilməsi üçün öhdəlik daşıyırlar. Başqa sözlə desək, valideynlik hüququ uşaq hüquqların pozulamasına rəvac vermir. Valideynlik hüququ yerinə yetirilən zaman uşağın mənafeyi əsas götürülməlidir. Yəni valideynlik hüququnun təmin olunması özlüyündə məhz uşağın hüquq və mənafeyinin təmin olunmasına xidmət etməlidir. Uşaqların sosial şəbəkələrdə həddən artıq vaxt keçirməsi, şübhəsiz ki, onlarda müəyyən mənfi fəsadların yaranması ilə nəticələnir. Bu kimi, hallarla qarşılaşmamaq üçün internetdən istifadə ilə bağlı müəyyən edilən qaydalara riayət olunması vacib şərtlərdəndir".

Psixoloq Fərqanə Mehmanqızı isə qeyd edib ki, sosial mediada uşaqları göz önünə çəkmək onların əməyinin istismar edilməsidir:

"Sosial medianın varlığını danmaq olmaz, bura artıq keçmişdəki fotoalbom rolunu oynayır. Lakin bundan dərəcəsində istifadə etmək lazımdır. Təbii ki, sosial şəbəkələrdə uşaqlardan aktiv istifadə edərək pul qazanılması düzgün deyil, çünki hər bir uşağın psixologiyası müxtəlifdir və onların özünəməxsus yaşanılmalı uşaqlıqları olmalıdır. Bundan düzgün istifadə etməyəndə həmin uşaqda müəyyən davranış və şəxsiyyət pozuqluqları meydana gəlir, çünki disiplindən kənara çıxır. Xarakter formalaşması dövründə valideynin qoyduğu qaydalarla düzgün şəkildə böyüyən uşaq cəmiyyət üçün sağlam formalaşır. Bu gün uşaq əməyi sosial mediada vəhşicəsinə istismar olunur ki, bu, yolverilməzdir. Uşaq hüquqları ilə məşğul olan qurumlar bu məsələyə diqqət yetirməlidirlər".

Psixoloq qeyd edib ki, uşaqların ictimai rəydən həddindən artıq asılılığı onları intihara qədər apara bilər:

"Sosial şəbəkədə özünü təsdiq edə bilməyən uşaq istər-istəməz intihara meyl edəcək. Əvvəllər sosial mediada canlı yayım açıb intihar edirdilər, camaat deyirdi ya öldür özünü, ya da öldürmə, həmin şəxs buna uyğun hərəkət edirdi. Bunun qarşısı alındı. İndi isə evdən qaçma, valideyni şantaj etmə halları çoxalıb. Hamısı özünə inamın əskikliyindən doğur və belə uşaqlar böyüdüyü zaman sosial şəbəkələrdəki kütlənin fikri ilə hərəkət etməyə başlayırlar, onlardan asılı hala gəlirlər ki, daim reytinqdə qalsınlar".

Sevinc İbrahimzadə

Teqlər:

"Sosial mediada u\u015faqlar\u0131n \u0259m\u0259yi nec\u0259 istismar edilir?"

Əlaqəli Xəbərlər