Etibarnamə rəsmiləşdirilməsi üçün vətəndaş hansı sənədləri təqdim etməlidir?
Gündəlik həyatda bank əməliyyatlarının aparılması, daşınmaz əmlakın idarə olunması, nəqliyyat vasitələri ilə bağlı məsələlərin həlli və müxtəlif dövlət qurumlarında təmsilçilik zamanı vətəndaşlar tez-tez etibarnamədən istifadə edirlər. Rəqəmsal xidmətlərin inkişafı bu prosesi daha da sadələşdirib. Artıq bəzi etibarnamə və digər notariat sənədlərini notariat ofisinə getmədən elektron qaydada rəsmiləşdirmək mümkündür. Bəs etibarnamə nədir, hansı hallarda verilir və “Mobil notariat” tətbiqi vasitəsilə necə rəsmiləşdirilir?
Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov danışıb.
Onun sözlərinə görə, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnaməni verən şəxs “etibar edən”, səlahiyyət verilən şəxs isə “etibar edilən” adlanır.
“Etibarnamə həm fiziki, həm də hüquqi şəxs tərəfindən müvafiq olaraq fiziki və ya hüquqi şəxsə yalnız yazılı formada verilə bilər. Şifahi etibarnamənin hüquqi qüvvəsi yoxdur.
Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə etibarlılıq müddəti göstərilməyibsə, sənəd bağlandığı gündən etibarən bir il qüvvədə qalır. Bağlanma tarixi qeyd edilməyən etibarnamə isə etibarsız hesab olunur. Nəqliyyat vasitəsinə sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə isə bir ildən artıq müddətə verilə bilməz.
Vətəndaşların notariat xidmətlərinə əlçatanlığını artırmaq, həmçinin vaxt və məkandan asılı olmayaraq peşəkar hüquqi yardım almaq imkanını genişləndirmək məqsədilə ‘Mobil notariat’ tətbiqi istifadəyə verilib. Bu tətbiq vasitəsilə bəzi notariat hərəkətlərini notariat ofisinə getmədən məsafədən rəsmiləşdirmək mümkündür.
Tətbiq App Store və ya Google Play platformalarından yüklənə bilər. Qeydiyyat videoyazı, notarius tərəfindən təqdim olunan istifadəçi kodu və ya Digital Login (SİMA Rəqəmsal İmza, ASAN İmza, SİMA Token (Elektron İmza) və identifikasiya nömrəsi) vasitəsilə aparılır.
Azərbaycan vətəndaşları, eləcə də ölkədə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tətbiqin xidmətlərindən günün 24 saatı, həftənin 7 günü istifadə edə bilərlər.
Qeydiyyatdan keçən istifadəçilər elektron qaydada nəqliyyat vasitələrinin idarə edilməsinə və onlara sərəncam verilməsinə, vəkillərə, banklarda və müxtəlif qurumlarda təmsilçiliyə, sosial və vərəsəlik işlərinə, həmçinin daşınmaz əmlaka dair etibarnamələri rəsmiləşdirə bilərlər.
Bundan başqa, tətbiq vasitəsilə yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı və pasport alması üçün valideyn razılığı, etibarnaməyə xitam verilməsi, yaşayış yerində qeydiyyat, daşınmaz əmlaka sərəncam verilməsi, əvvəl verilmiş ərizədən imtina və təhsil tələbə krediti ilə bağlı ərizələr də elektron qaydada təqdim edilə bilir.
Həmçinin mənzil, fərdi ev və bağ evlərinin müvəqqəti istifadəyə verilməsinə (kirayəyə) dair müqavilələrin bağlanması da tətbiq üzərindən mümkündür.
Etibarnamə vasitəsilə etibar edilən şəxs etibar edənin maraqlarını təmsil edir, onun adından sənədləşdirmə işlərini həyata keçirə və verilmiş səlahiyyətlər çərçivəsində qərarlar qəbul edə bilir.
Qurumlarda təmsilçilik üçün etibarnamə rəsmiləşdirilərkən əvvəlcə etibar edilən şəxsin FİN-i, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir. Daha sonra təmsil olunacaq qurum siyahıdan seçilir, zərurət olduqda nümunə mətnə əlavələr edilir. Etibarnamənin qüvvədə olacağı müddət və səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməyəcəyi müəyyənləşdirilir. Bundan sonra məlumatlar təsdiqlənir, qaydalara uyğun videoidentifikasiya aparılır, xidmət haqqı ödənilir və müraciət baxılması üçün elektron qaydada notariusa göndərilir”, – deyə F. Əkbərov bildirib.