İran Silahlı Qüvvələri Hörmüz boğazında Tailand gəmisinə hücum edib
İran Silahlı Qüvvələri rəsmi Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd göstərən Tailand bayrağı altında üzən ticarət gəmisinə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, sözügedən gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına məhəl qoymayaraq boğaz akvatoriyasında hərəkətini davam etdirməyə çalışıb və nəticədə hücuma məruz qalıb. Hadisə nəticəsində qeydə alınan zərər və xəsarət alanlar barədə agentlik hər hansı məlumat təqdim etməyib.
Qeyd olunub ki, ABŞ ilə İran arasındakı münaqişənin növbəti dəfə kəskinləşməsi iyulun 8-də start götürüb. Belə ki, ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan bəri ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab bəhanəsi ilə İslam Respublikasının ərazisinə bir neçə seriyalı zərbələr endirib.
Həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Tehran isə cavab tədbirləri çərçivəsində Birləşmiş Ştatların Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən Yaxın Şərqdəki obyektlərinə zərbələr endirməyə başlayıb.